Parisdə TEAS-ın yeni etnoqrafik sənədli filminin nümayişi olub

Parisdə TEAS-ın yeni etnoqrafik sənədli filminin nümayişi olub
# 13 aprel 2017 17:36 (UTC +04:00)

Parisin "L'entrept" çoxprofilli ədəbi incəsənət mərkəzində Avropa Azərbaycan Cəmiyyətinin "Young Voices, Ancient Song" (“Gənc səslər, qədim nəğmə”) adlı yeni etnoqrafik sənədli filminin nümayişi olub.

Azərbaycan Avropa Cəmiyyətindən (TEAS) APA-ya verilə məlumata görə, yeni etnoqrafik sənədli filmin nümayişində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, eləcə də UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya məsələləri üzrə xüsusi nümayəndəsi Hedva Ser də daxil olmaqla, 120-dək diplomat və Azərbaycanın dostları iştirak edib.

Sözügedən film “Migrations exist. Death does not exist” ("Miqrasiya var. Ölüm yoxdur") şüarı ilə keçirilən 12-ci Avropa "L’Europe autour de l’Europe" kinofestivalında Karlos Saura, Jan-Luk Godard, Volker Schlöndorff və Anjey Vayda kimi məşhur kinematoqrafların köhnə və yeni filmləri ilə yanaşı nümayiş etdirilib. Filmin rejissoru Amerika Muğam Cəmiyyətinin prezidenti Jeffri Verbok da təqdimatda iştirak edib.

Qeyd edək ki, Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyi 6 ildir "L’Europe autour de l’Europe" kinofestivalının təşkilatçısı olan “Europa Film Akt” birliyi ilə sıx əməkdaşlıq edir. Festivalın “Migrations exist. Death does not exist” ("Miqrasiya var. Ölüm yoxdur") şüarı ilk dəfə 1929-cı ildə məşhur serb şair və diplomatı Miloş Crnjanksi tərəfindən qələmə alınıb.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter çıxışı zamanı bunları deyib: “Məqsədi muğamın təbliği, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlarının acı həyatını dünya ictimaiyyətinə çatdırmaq olan bir film təqdim etdiyimizlə qurur duyuruq. Bu azyaşlılar uşaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır. 1994-cü ildə sülh sazişinin bağlanmasına baxmayaraq, münaqişə öz qanlı qurbanlarını tələb etməkdədir. Unutmamalıyıq ki, ötən ilin aprelində baş vermiş dörd günlük müharibə çoxlu sayda insanın ölümü ilə nəticələnib. Bütün bu hallar münaqişənin təxirəsalınmaz həllinin zəruriliyini göstərir. Bizim ən böyük arzumuz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsidir. Bu, münaqişənin əsas qurbanı olan mülki əhaliyə öz ata-baba yurduna qayıtmağa və Azərbaycan muğamını öz doğma məkanına, yəni Dağlıq Qarabağa aparmağa imkan verər”.

Azərbaycan Avropa Cəmiyyətinin Fransa nümayəndəliyinin direktoru Mari-Letitiya Gourdin isə qeyd edib ki, "Young Voices, Ancient Song" filmi Azərbaycanın ən mühüm və doğma ənənəsi olan muğamdan bəhs edir: “Muğam Dağlıq Qarabağda yaranmış möhtəşəm bir improvizasiya musiqisidir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün həyatı yaşaması deməkdir. Bu münaqişə muğamın mövcudluğunu da sual altında qoyur. Bu film qaçqın və məcburi köçkün uşaqlarının muğam ənənəsinə sadiq qaldıqlarını göstərir”.

Sonra Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə çəkilən “Gənc səslər, qədim nəğmə” sənədli filmi nümayiş etdirilib. Filmdə Dağlıq Qarabağdan qaçqın düşən uşaqların əsrarəngiz ifaları səslənib. Xalqımızın qədim muğam ənənəsini yaşatdığı, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxdığı, gənc nəslin mədəni irsimizi qoruyub saxladığı öz əskini tapıb. Muğam musiqisinin mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadından bəhs olunub.

Filmdə muğamın beşiyi olan Qarabağın işğalından bəhs edilir. Bu uşaqlar - muğam ifaçıları Ermənistan Qarabağı işğal etməzdən əvvəl həmin ərazilərdə anadan olub. Filmdə Ermənistan təcavüzünün işğal olunmuş ərazilərdəki mədəni irsə necə mənfi təsir göstərdiyi əks olunur. Tamaşaçıya çatdırılır ki, muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bütün çətinliklərə baxmayaraq, xalqımızın Qarabağın muğam ənənəsini yaşatması və muğamın qorunub saxlanmasına dövlət dəstəyi diqqətə çatdırılır.

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın ölkəmizdə və xaricdə tanınmasına verdiyi töhfələr vurğulanır. Bildirilir ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub.

Filmin nümayişinin sonunda tamaşaçılardan bunları deyib: “Mövcudluğu haqda belə əvvəl xəbərsiz olduğum ölkənin qədim musiqisi məni çox təsirləndirdi. Bu film mənə çox həqiqətləri açıqladı. Uşaqların bu musiqini öz babalarına oxuması çox heyrətamiz idi”.

UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya məsələləri üzrə xüsusi nümayəndəsi Hedva Ser bunları deyib: “Ölkənizə olan məhəbbətinizi nümayiş etdirən bu film məni çox təsirlənirdi. Azərbaycanlılar çox mehriban və xoşrəftardırlar. Bunu mən, Azərbaycana etdiyim ilk səfərdə şahidi oldum. Muğam oxuyan uşaqları görmək isə mənə xüsusi zövq verdi. İncəsənət bir insanın digəri ilə ünsiyyət qurmasının ən sadə və qısa yoludur. Hər nə olursa olsun, muğam oxuyan uşaq özünü xoşbəxt hiss edir”.

Tədbir C. Verbokun kamançada heyranedici və möhtəşəm solo ifası ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR