“Azərsu” və “Suez Environnement” şirkəti arasında görüş keçirilib

“Azərsu” və “Suez Environnement” şirkəti arasında görüş keçirilib
# 19 aprel 2017 14:16 (UTC +04:00)

Bu gün “Azərsu” ASC-də “Suez Environnement” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Orelya Buşes, Dünya Bankının, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirib ki, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunur. “Azərsu” ASC-nin sədri Fransanın “Suez Environnement” şirkəti ilə geniş əməkdaşlıq edildiyini, kadr hazırlığı, təcrübə mübadiləsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.

Fransanın Azərbaycandakı səfiri O. Buşes iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O. Buşes Fransa şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib və yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.

“Suez Environnement” şirkətinin layihə rəhbəri Kristian Monset Fransa İqtisadiyyat Nazirliyinin FASEP layihəsi üçün 700 min avro qrant ayırdığını bildirib. Bu layihə 2 hissəsən - su sızmalarının aşkarlanması və lildən enerjinin əldə olunmasından ibarətdir. FASEP çərçivəsində Bakı şəhərində içməli su itkilərinin azaldılmasına dair pilot layihə icra ediləcək. Eyni zamanda Hövsan Aerasiya Stansiyasında lildən enerjinin əldə olunması üçün metanlaşdırma qurğusunun texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Layihənin icrası 2018-ci ilin aprelində başa çatacaq.

Xatırladaq ki, 1858-ci ildə təsis olunan SUEZ şirkəti yaşıllaşdırma, tullantıların emalı və təkrar istifadəsi, alternativ enerji və insan resursları sahəsində ixtisaslaşmış və hazırda dünyanın 70-dən çox ölkəsində layihələr həyata keçirir.

12 may 2014-cü ildə “Azərsu” ASC və “Suez Environnement” şirkəti arasında “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” imzalanıb. Müqaviləyə əsasən, 5 il ərzində 38 ixtisas üzrə 4500 nəfərin kadr hazırlığı prosesinə cəlb olunması, 250 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulub. Ötən müddətdə “Azərsu” ASC-nin əməkdaşları müştəri xidmətləri, nəzarət ölçü cihazları, şəbəkələrin istismarı, sızmaların aşkarlanması, kommersiya itkilərinin azaldılması və s. istiqamətlər üzrə təlimlərə cəlb olunublar. Eyni zamanda mütəxəssislərin bir qismi Böyük Britaniya, Fransa, Əlcəzair, Mərakeş, İspaniya və Çində təşkil edilmiş tədris ekspedisiyalarına göndəriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR