Vaşinqtonda “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib

Vaşinqtonda “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib
# 21 aprel 2017 08:18 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyi və “N Street Village” qadınlar üçün reabilitasiya mərkəzinin təşkilatçılığı ilə Vaşinqton şəhərinin evsiz və yoxsul sakinləri üçün “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, “N Street Village” reabilitasiya mərkəzinin icraçı direktoru Şröyder Striblinq çıxış edərək tədbiri təşkil etdiyi üçün Azərbaycanın ABŞ-dakı Səfirliyinə minnətdarlığını bildirib. Ş.Striblinq rəhbərlik etdiyi reabilitasiya mərkəzinin az gəlirli, işsiz, fiziki və əqli xəstəlik problemləri olan, travmadan əziyyət çəkən, zərərli vərdişlərin alüdəçisi olan və zorakılığa məruz qalan qadınları yaşayış yerləri ilə təmin etdiyini və onlara hər cür yardımlar göstərdiyini qeyd edib.

Sonra reabilitasiya mərkəzinin sakinlərinə Azərbaycan mətbəxinin nümunələrindən ibarət şam yeməyi verilib və şirniyyatlar təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri ölkəmizin tarixi, coğrafiyası və mədəniyyəti haqqında danışıb. Səfirlik nümayəndələri, həmçinin, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfə verən və tolerantlıq ənənələri ilə fərqlənən bir ölkə olduğunu vurğulayıb. Eyni zamanda, onlar, şam yeməyi olaraq reabilitasiya mərkəzinin sakinlərinə verilən Azərbaycan mətbəxinin nümunələri, eləcə də şirniyyatlarımız barədə məlumat veriblər.

Daha sonra Vaşinqton şəhərində fəaliyyət göstərən İpək Yolu Rəqs Ansamblı (Silk Road Dance Company) reabilitasiya mərkəzinin sakinləri üçün Azərbaycanın mədəniyyətini əks etdirən proqram təqdim edib və musiqi və rəqslərimiz sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda sakinlər Ansamblın üzvləri və Səfirlik nümayəndələri ilə birgə Yallı rəqsini ifa ediblər.

Qeyd edək ki, “N Street Village” müxtəlif xəstəliklərdən əziyyət çəkən və təhlükə ilə üzləşən qadınlara yardım göstərən Vaşinqton şəhərinin ən tanınmış reabilitasiya mərkəzidir. Hər il bu mərkəzə ABŞ-ın nüfuzlu ictimai və siyasi xadimləri yardım etsə də, Azərbaycanın ABŞ-dakı Səfirliyinin adıçəkilən mərkəzlə əməkdaşlığı nadir hal hesab olunur. Mərkəzin təqdim etdiyi xidmətlər sayəsində yüzlərlə qadın reabilitasiya olunaraq normal həyat fəaliyyətini bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR