"CDB Bank"la birləşən "AtaBank"ın nizamnamə kapitalı 70 mln. manata çatıb

"CDB Bank"la birləşən "AtaBank"ın nizamnamə kapitalı 70 mln. manata çatıb
# 21 aprel 2017 09:22 (UTC +04:00)

Konsolidasiya prosesinə qoşulan "Caspian Development Bank" ("CDB Bank") və "AtaBank" "Synergy Group" ailəsinin üzvüdür və bir müddət öncə səhmdarların qərarına əsasən "AtaBank"ın mövcud nizamnamə kapitalı daha 20 mln. manat artırılaraq 70 mln. manata çatdırılıb. "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "Synergy Group" MMC-nin icraçı direktoru İsmayıl Süleymanov deyib.

Onun sözlərinə görə, bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurəti nəzərə alınaraq "CDB Bank"ın "AtaBank"a qoşulması barədə qərar qəbul edilib: "Yenidən təşkil edilən "AtaBank" yeni keyfiyyət səviyyəsi nümayiş etdirəcək, maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi meyarlara ən yüksək şəkildə cavab verəcək. Xüsusilə, bank əmanətçilər və investorların maraqlarının qorunmasına yönəlmiş strategiya çərçivəsində öz kəmiyyət və keyfiyyət tələblərini yüksək səviyyədə davam etdirəcək, idarəetmə potensialı gücləndiriləcək, bankın sağlam və effektiv fəaliyyəti təmin ediləcək".

Qeyd edək ki, aprelin 18-də "AtaBank" və "CDB Bank" səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.

Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PwC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, "AtaBank" və "CDB Bank" tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR