Sədr: "AtaBank"la "CDB Bank"ın birləşməsi 2-3 aya başa çatacaq, ixtisar olmayacaq"

Sədr: "AtaBank"la "CDB Bank"ın birləşməsi 2-3 aya başa çatacaq, ixtisar olmayacaq"
# 21 aprel 2017 09:37 (UTC +04:00)

"AtaBank" və "CDB Bank"ın konsolidasiya prosesində ixtisara yol verilməyəcək. "APA-Economics" xəbər verir ki, bunu "AtaBank" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini müvəqqəti icra edən Fərəh Məmmədova bu gün keçirilən mətbuat konfransında bildirib.

"Səhmdarların siyasəti bankların birləşməsindən sonra kadr ixtisarına yol verilməməkdən ibarətdir. Hər iki bankın işçiləri müvafiq vəzifələrdə yerləşdiriləcək. Hazırda "AtaBank"ın 415 nəfər, "CDB Bank"ın isə 100 nəfər işçisi var", - deyə F. Məmmədova qeyd edib.

"AtaBank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dəyanət Quliyev isə bildirib ki, "CDB Bank" "AtaBank"a qoşulduğuna görə, iki bank "AtaBank" brendi altında birləşəcək.

Onun sözlərinə görə, konsolidasiya prosesi maksimum 2-3 ay ərzində başa çatacaq.

Qeyd edək ki, aprelin 18-də "AtaBank" və "CDB Bank" səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.


Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PwC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, "AtaBank" və "CDB Bank" tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR