İsmayıllıda Qarabağ müharibəsi əlillərinə fərdi evlər verilib

İsmayıllıda Qarabağ müharibəsi əlillərinə fərdi evlər verilib
# 21 aprel 2017 11:14 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda yaşayan 3 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycanda uğurla davam etdirilən mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin edilməsinə yönəlib.


Məlumat verilib ki, nazirlik tərəfindən bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Son bir ildə 310 yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib. İndiyədək 5045 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 94, Şamaxıda 36, İmişlidə 54 mənzilli yaşayış binasının və digər rayonlarda 103 fərdi evin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir. Yaxın vaxtlarda 53 rayonda 142 fərdi evin tikintisinə başlanılacaq. Məlumat verilib ki, indiyədək İsmayıllı rayonunda 110 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib, bu kateqoriyadan olan 33 nəfər minik avtomobili, 12 nəfərə əlil arabası verilib.


Çıxışlardan sonra Qarabağ müharibəsi əlillərinə - Kamal Nağıyev, Elşən Əsgərov və Pərviz Həsənova 2 və 3 otaqlı fərdi yaşayış evlərinin açarları və sənədləri təqdim edilib. Sonra mənzillərə baxış keçirilib, ailələr üçün yaradılan şəraitlə tanışlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR