"Yapı Kredi Bank Azərbaycan" rübü 2 mln. manat mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" rübü 2 mln. manat mənfəətlə başa vurub
# 21 aprel 2017 13:16 (UTC +04:00)

Türkiyənin ən böyük banklarından biri olan "Yapı Kredi"nin Azərbaycandakı törəməsi "Yapı Kredi bank Azərbaycan" QSC 2017-ci ilin ilk rübünü 2 mln. manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26% çoxdur.


Bankdan "APA-Economics" verilən məlumata görə, 100% xarici kapitallı və dünyanın 17 ölkəsində mövcud bankçılıq qrupunun üzvü olan "Yapı Kredi Bank Azərbaycan"a son illərdə müştərilərin etibarı artmaqdadır və xüsusilə korporativ müştərilər beynəlxalq təcrübəyə malik bankla işləməyə üstünlük verirlər.

Bankın İdarə Heyətinin sədri Cenk Yüksel bildirib ki, "Yapı Kredi Bank Azərbaycan" 17 ildir Azərbaycan iqtisadiyyatına yatırım edir: "Bu yatırımların qarşılığında müştərilərimizin bizə inamı ölçülə bilməz səviyyədədir. Buna görə, bütün müştərilərimizə təşəkkürümüzü bildirirəm, bundan sonrakı dövrlərdə də onların maliyyə dəstəkçisi olmağa davam edəcəyik".

"Bankın hesabatlarına baxdıqda görmək olar ki, həqiqətən də əmanətçilərin banka inamı hiss ediləcək dərəcədədir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin məbləği 103%, cari hesablarda olan pul vəsaitlərinin məbləği isə 45% artıb", - deyə bankdan bildirilib.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" dayanıqlı şəkildə fəaliyyətini davam etdirmək üçün ötən aylarda nizamnamə kapitalını 5 mln. dollar ekvivalentində artırıb.

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarlarından biri Avropanın böyük bank qruplarından biri olan "UniCredit"dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR