Minskdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib

Minskdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib
# 21 aprel 2017 15:17 (UTC +04:00)

Minskdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) Baş Direktorlar Konfransının iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, görüşdə DYƏT-in “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, “Qazaxıstan Dəmir Yolu” SC-nin vitse-prezidenti Arman Sultanov və DYƏT üzvü olan digər ölkələrin dəmir yolu rəhbərləri iştirak ediblər.

Tədbirdə DYƏT-in 2016-cı il üzrə yük daşımaları, sərnişin daşımaları, infrastruktur və hərəkət heyəti, kodlaşma və informatika, maliyyə və hesablama məsələləri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borc ödənilməsi, dəmir yolu daşımaları sahəsində peşəkar təlim/hazırlıq üzrə müvəqqəti işçi qrupun fəaliyyəti, Koreya Respublikasının DYƏT-ə üzvlüyü, DYƏT-in 2016-ci il üçün fəaliyyət hesabatı, DYƏT-in 2018-ci il və sonrakı illər üçün Fəaliyyət Proqramı, DYƏT-in birləşdirilmiş müəssisəsi statusunun verilməsi, eləcə də DYƏT Baş direktorlar Konfransının XXXIII iclasının ilkin gündəliyi, tarixi və keçirilmə yeri haqqında məsələlər müzakirə olunub.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Xatırladaq ki, DYƏT 1956-cı ildə Bolqarıstan Respublikasının Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. “Azərbaycan Dəmir Yolları” QSC 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR