Siyavuş Novruzov: "Xaricdə təhsil almış xeyli vətənpərvər və savadlı din mütəxəssisləri var"

Siyavuş Novruzov: "Xaricdə təhsil almış xeyli vətənpərvər və savadlı din mütəxəssisləri var"
# 24 aprel 2017 09:48 (UTC +04:00)

“İndiyə qədər 3 min Azərbaycan vətəndaşı xaricdə dini təhsil alıb və onlardan 200-ü burada dini ayinlər icra edir”.

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Azərbaycanda 2500 məscid var və onlardan 1500-ü tam fəaliyyət göstərir: “Həmin məscidlərdə gündəlik dini ayinlər və mərasimlər keçirilir. Bundan əlavə, ölkədə kilsə və sinaqoqlar da var ki, orada da inanclı insanlar öz dinlərinə uyğun ayin və mərasimlər keçirilər. Mövcud qanunvericilik xaricdə təhsil alan Azərbaycan vətəndaşına dini ayin və mərasimlərin aparılmasını qadağan edir. Çünki əksər hallarda xaricdə təhsil alan şəxs təhsil aldığı ölkənin dini qaydalarını, mədəniyyətini təbliğ etməyə çalışırdı və bu da Azərbaycan dövlətçiliyi ilə ziddiyyət təşkil edirdi. Amma buna baxmayaraq, xaricdə təhsil alan xeyli sayda vətənini sevən savadlı din mütəxəssisləri də var və onlar da bu qadağa nəticəsində ölkədə fəaliyyət göstərə bilmir. Bununla müəyyən mənada onların hüquqları pozulur və fəaliyyətlərində məhdudiyyət yaranır. Nəticədə həmin şəxs ya ölkədən getmək, ya da bəzi dini qruplara qoşulmaq zorunda qalır. Bütün bunları nəzərə alaraq yeni dəyişiklikdə xaricdə təhsil salan savadlı din mütəxəssislərinin hüquqlarını bərpa etmək, həm də ölkədə savadlı din xadimləri tərəfindən dinin təbliğini təmin etmək məqsədilə həmən şəxslərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər edildikdən və qüvvəyə mindikdən sonra bu şəxslər yaranmış imkanlardan yararlanacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR