Bakıda "CaspianAgro 2017" sərgisi keçiriləcək

Bakıda "CaspianAgro 2017" sərgisi keçiriləcək
# 02 may 2017 12:28 (UTC +04:00)

17-19 may tarixində Bakıda kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu - 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgisi keçiriləcək.


"APA-Economics" xəbər verir ki, keçirildiyi illər ərzində "CaspianAgro" sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, habelə kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından etibarlı platforma kimi özünü doğruldub.

Uzun illərdir ki, Kənd Təsərrüfatı Nazirliyi “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bu il “CaspianAgro 2017” sərgisində Azərbaycan, Belarus, Çin, İtaliya, Rusiya, Şri-Lanka, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distributorları iştirak edəcəklər. Sərgidə Çin, Gürcüstan və Niderland Krallığı öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu il debütantların arasında İpək Yolu üzərində, Jianqxi (Ciangşi) vilayətini təmsil edən Çin şirkətləri var. Həmçinin, bu il ilk dəfə olaraq Niderland Krallığı sərgidə tərəfdaş-ölkə qismində çıxış edir. “CaspianAgro 2017” sərgisinin qeydiyyat üzrə sponsoru - Maschio Gaspardo.


Ümumiyyətlə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra innovasiyalarla tanış olmaq üçün ideal imkan yaradır. Bu innovasiyalara quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, istifadəyə hazır istixanaların tikintisi, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Bu il sərginin aşağıdakı sektorları daha geniş tərkibdə nümayiş etdiriləcək: suvarma sistemləri, son illər Azərbaycanda güclü inkişaf etmiş pambıqçılıq sahəsi üçün kənd təsərrüfatı texnikası. Sərginin “Laboratoriya avadanlıqları” sektorunda mikroskoplar, aparatlar və kənd təsərrüfatı məhsullarının məhsuldarlığını artırmaq və bitkilərin çəkisindən tutmuş zərərli vasitələrə yoluxma dərəcəsinə, eləcə də rütubət tərkibinin faiz göstəricisinin öyrənilməsinə qədər bir sıra digər cəhətləri müntəzəm olaraq araşdırmaq üçün nəzərdə tutulmuş laboratoriya cihaz və avadanlıqları təqdim olunacaq.

Sevindirici haldır ki, sərginin bu sektorlarında xarici istehsalçılarla yanaşı, yerli şirkətlər də iştirak edəcəklər. Kənd təsərrüfatı öz xidmətlərini təklif edən istehsalçı, distributor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 40%-ini təşkil edir. Bundan başqa, ənənəvi olaraq, “CaspianAgro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün infoturlar təşkil olunacaq.

Beləliklə, “CaspianAgro 2017” sərgisi iştirakçılara ən son tendensiyalarla tanış olmaq üçün imkan yaratmaqla yanaşı, əməkdaşlığı genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün də lazımı şəraiti təmin edəcək. Bu isə Azərbaycanın kənd təsərrüfatı sənayesinə investisiya yatırımını artırmağa, eləcə də bu sahədə ən son texnologiyaların tətbiqinə kömək edəcəkdir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR