İndiyədək Lənkəran iqtisadi rayonundakı sahibkarlara 119 mln. manat kredit verilib

İndiyədək Lənkəran iqtisadi rayonundakı sahibkarlara 119 mln. manat kredit verilib
# 04 may 2017 09:56 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Astara rayonunda keçirib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, forum çərçivəsində Astara rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq, bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən SKMF-nin icraçı direktorunun müavini Arif Vəliməmmədov qurumun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Astara rayonundan olan 113 sahibkara 3 mln. manat güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 118,7 mln. manat güzəştli kredit ayrılıb, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 177 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, arıçılıq, çayçılıq sahələrinin inkişafına yönəldiləcək.

İndiyədək çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 mln. manat, arıçılığın inkişafı ilə əlaqədar isə 390 sahibkara 4,7 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR