Roman Qriqorçuk: “Mövsüm “Qəbələ” üçün yaxşı keçdi”

Roman Qriqorçuk: “Mövsüm “Qəbələ” üçün yaxşı keçdi”
# 04 may 2017 13:04 (UTC +04:00)

“Futbolçular məşqlərdə yaxşı iştirak ediblər. Düşünürəm ki, komandamız normal formadadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” ölkə kubokunun sabah baş tutacaq finalında “Qarabağ”la üz-üzə gələcəklər.

Matçla bağlı fikirlərini bildirən ukraynalı çalışdırıcı “Qəbələ”ni çətin oyun gözlədiyini qeyd edib: “Final həmişə ciddi, ağır və maraqlı sınaq olub. Biz bunu dərk edirik. Əsas odu ki, yaxşı oynayaq. Stadionun ot örtüyünün hansı durumda olduğunu hələ görməmişəm. Naxçıvandakı ilk məşqimizi bu gün saat 17:00-da keçirəcəyik. “Qarabağ” kimi, biz də istəyirik ki, keyfiyyətli qazonda oynayaq. Final titul uğrunda mübarizə deməkdi. Belə oyunlarda həmişə yüksək təzyiq olur. Qələbəni matça daha yaxşı hazırlaşan komanda qazanacaq”.

“Qarabağ” barədə geniş məlumata sahib olduğunu deyən Qriqorçuk matça adi qaydada yanaşır. O, Naxçıvandakı görüşün Ağdam klubu ilə çempionatda keçirdikləri oyunlardan böyük ölçüdə fərqlənməyəcəyini vurğulayıb: “Rəqib haqda çox şey bilirik. “Qarabağ”ın güclü və zəif cəhətlərini müəyyənləşdirmişik. Məşqlərdə futbolçularla bu barədə danışmışıq. Düşünmürəm ki, sabahkı matç əvvəlkilərdən böyük ölçüdə fərqlənəcək. “Qarabağ”la görüşlərimiz həmişə ağır keçib, çünki rəqibimiz olduqca ciddi komandadı. “Qarabağ” taktiki planda da, futbolçuların ustalıq səviyyəsi baxımından da güclüdü. Bu mənada, matçın çempionatdakı oyunlarımızdan fərqlənəcəyini düşünmürəm. Sadəcə, kubok görüşünün bəzi spesifik xüsusiyyətləri, kiçik nüansları var”.

52 yaşlı mütəxəssis kubokun final matçının “Qəbələ”dəki gələcək karyerasına təsir etməyəcəyini bildirib: “ Bu oyunun mənim gələcək karyerama heç bir təsiri olmayacaq. Amma “Qəbələ”də qalıb-qalmayacağımla bağlı indidən açıqlama verə bilmərəm. Həmişə demişəm ki, bu cür danışıqlar yalnız mövsüm başa çatdıqdan sonra ola bilər. Futbolçulardan kimlərin qalıb, kimlərin gedəcəyini də “Qarabağ”la matçdan sonra müəyyənləşdirəcəyik”.

Qriqorçuk başa çatmaq üzrə olan mövsümü “Qəbələ” üçün uğurlu adlandırıb: “Dəyərləndirməni sabahkı oyuna görə aparmamalıyıq. İstənilən nəticədən asılı olmayaraq, mövsümün “Qəbələ” üçün yaxşı keçdiyini hesab edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR