Xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq

Xalq artisti Yusif  Vəliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq
# 05 may 2017 10:23 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, teatr və kino aktyoru, xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 2-də saat 19.00-da keçiriləcək tədbirdə vaxtilə sənətkarla çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, aparıcı əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlidir.

Teatrın foyesində aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.

Tədbir ADGTT-nın kollektivi tərəfindən Y.Vəliyevin məzarını ziyarət edilməsi ilə başlayacaq.

Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb.

Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. O, Teatrın rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu çox böyük müvəffəqiyyətlə ifa edib.

Sənətkar 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1980-ci il mart ayının 18-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR