QMİ sədri: “Azərbaycan uğurlu ideyalarını dünyaya təqdim edən dövlətə çevrilib”

QMİ sədri: “Azərbaycan uğurlu ideyalarını dünyaya təqdim edən dövlətə çevrilib”
# 06 may 2017 08:29 (UTC +04:00)

“Müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda keçirilən paneldə deyib.


O bildirib ki, məhz bu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətə çevrilib: “Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycan prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Bizim xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməli üzərində nail olur. Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas edib”.


QMİ sədri qeyd edib ki, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelini, mədəniyyətlərarası dialoq və əməkdaşlığın yüksək təzahürü olan multikultural həyat tərzini qloballaşan dünyaya təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR