Azərbaycan təmsilçisi Diana Hacıyeva "Eurovision"da ilk çıxışını edib

Azərbaycan təmsilçisi Diana Hacıyeva "Eurovision"da ilk çıxışını edib
# 09 may 2017 21:42 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir. “APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycanı təmsil edən Diana Hacıyeva səhnəyə səkkizinci çıxaraq “Skeletons" mahnısını ifa edib. “Dihaj” təxəllüsü ilə çıxış edən D. Hacıyevanın mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

Birinci və ikinci yarımfinalların hər birində 18 ölkə finala keçmək uğrunda yarışır. Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış edirlər.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR