Bəstəkarlar arasında romans janrı üzrə müsabiqə elan edilib

Bəstəkarlar arasında romans janrı üzrə müsabiqə elan edilib
# 10 may 2017 08:53 (UTC +04:00)

“Mədəniyyət” telekanalının və Azərbaycan radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında romans janrında yazılan əsərlərin müsabiqəsi elan edilir.

APA-nın xəbərinə görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gəncliyinin istedadı və bacarığını böyük kütləyə nümayiş etdirməkdir. Müsabiqənin keçirilməsi romans janrının bugünkü nəslə təbliğinə kömək edəcək.

Azərbaycan musiqi səltənətində xüsusi rolu olan romans janrının əsası Asəf Zeynallının “Ölkəm” romansı ilə qoyulub. Daha sonra bu ənənələr Azərbaycanın müxtəlif bəstəkarlarının ifasında geniş kütləyə çatdırılıb. Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları, Süleyman Ələsgərovun “Vətənimdir”, Oqtay Zülfüqarovun “Yad eylərəm” və digər romanslar Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyasında tətbiq olunur. Bu gün yeni romansların yazılması arzuolunan bir məsələdir. Bu səbəbdən də “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun təşəbbüsü ilə müsabiqənin keçirilməsi məqsədəuyğun hesab edilib.

Müsabiqədə iştirak etmək istəyənlər romans janrında yazılan əsərin notunu və rəqəmsal formatda, müğənninin ifasını iyunun 30-na kimi [email protected] ünvana göndərməlidir. Ümumi nəticələr əldə olunduqdan sonra I, II və III yerlərin qalibi müəyyənləşəcək və qaliblərə müvafiq pul mükafatı veriləcək. Əsərlərdə müasirlik, ideologiya və mənəvi ruh göstərilməlidir. Bəstəkarlar klassik nəzm nümunələri ilə bərabər, gənc şairlərin də şeirlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan radiosunun təşkilatçılığı ilə elan edilən müsabiqəyə informasiya dəstəyi verənlər arasında APA, APA TV, "Lent.az" və "Vesti.az" da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR