Xəzərə və digər təbii su obyektlərinə yeni növ balıqların buraxılması qaydası müəyyənləşdirilib

Xəzərə və digər təbii su obyektlərinə yeni növ balıqların buraxılması qaydası müəyyənləşdirilib
# 13 may 2017 08:36 (UTC +04:00)

Nazirlər Kabineti “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması akvakulturanın tərkib hissəsidir və balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması, balıqçılıq su obyektlərində endemik balıq növlərinin mühafizəsi, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi məqsədini daşıyır.

Balıq və digər su bioresurslarının yeni növləri təbii balıqçılıq su obyektlərinə aşağıdakı hallarda buraxılır:

- balıqçılıq su obyektində məskunlaşmış balıq və digər su bioresurslarının növlərinin sayı azaldıqda və su obyektinin balıqçılıq təsərrüfatı əhəmiyyəti itirildikdə;

- balıqçılıq su obyektində əvvəllər məskunlaşmış, sonradan təbii və antropogen proseslər nəticəsində yoxa çıxmış balıq və digər su bioresurslarının ehtiyatlarının bərpası məqsədi ilə;

- balıqçılıq su obyektində əvvəllər məskunlaşmış, lakin təbii şəraitinə görə endemik növlərin bərpa edilməsi mümkün olduqda;

- balıqçılıq su obyektində balıq və digər su bioresurslarının iqlimləşdirilməsi məqsədi ilə;

- balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılması məqsədi ilə;

- balıqçılıq su obyektində balıq və digər su bioresurslarının yem bazasının artırılması məqsədi ilə.

Balıq və digər su bioresurslarının hibrid formaları təbii balıqçılıq su obyektlərinə balıqçılıq su obyektinin axar yerüstü sularla əlaqəsi olmadıqda və balıqçılıq su obyektindən yalnız əmtəə, rekreasiya və elmi tədqiqat məqsədi ilə qapalı şəraitli akvakultura üçün istifadə edilməsi nəzərdə tutulduqda buraxılır.

Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, qorunması, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan və bu işlərin aparılması üçün müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər (balıqçılıq subyektləri) tərəfindən “Balıqçılıq haqqında” qanunda nəzərdə tutulan qaydalara uyğun Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma çərçivəsində həyata keçirilir.

Balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının təbii balıqçılıq su obyektlərinə buraxılmasını əhatə edən bioloji və texnoloji əsaslandırmanın bu Qaydaya uğun olaraq qeydiyyatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və tərkibində bu Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən nümayəndələrindən ibarət Elmi-Texniki Şurasının qərarı əsasında aparılır. Balıq və digər su bioresursları genofondunun mühafizəsini təmin etmək məqsədi ilə təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması balıq və digər su bioresurslarının aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitin, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir. Xəzər dənizinə balıq və digər su bioresurslarının yeni növlərinin buraxılmasının həyata keçirilməsi ilə əlaqədar bioloji və texnoloji əsaslandırma qeydiyyata alınarkən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmalıdır. Xəzər dənizinə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının təbii balıqçılıq su obyektlərinə buraxılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə balıqçılıq subyektləri arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR