Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilib

Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilib
# 16 may 2017 13:34 (UTC +04:00)

Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "APA-Economics"ə verdiyi məlumata görə, bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib.

Qeyd edək ki, keçən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir. Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC təsis olunduqdan sonra yeraltı nəqliyyatda mikroiqlim şəraitinin öyrənilməsi, sahənin yenidən qurulmasının əsas tərkib hissələrindən biri olub. Bu müddət ərzində ventilyasiya sisteminin işinin optimallaşdırılması ilə bağlı bir sıra əsaslı yeniliklər öz əksini tapıb. Bu sahədə görülən işlər – mövcud avadanlığın yenilənməsinin sürətləndirilməsi, istismar müddətini başa vurmuş ventilyatorların əvəzinə daha müasir, məhsuldar və qənaətcil növlərinin tətbiqi üzərində də iş aparılıb. Bundan başqa, stansiya və tunellərin səmərəli havalandırılması üçün ən əhəmiyyətli məsələ ventilyasiya qurğularının səmərəli şəkildə işlədilməsini, onların optimal iş qrafikini tətbiq etməyin yollarını araşdırmaqdan ibarət olub.

Aparılan monitorinqlər nəticəsində çatışmazlıqların əsas mənbələri aşkar edilərək, onların aradan qaldırılması üzərində tədbirlər planının tətbiqinə başlanılıb. İlk növbədə, monitorinqlərin aparılması üçün Diaqnostika və metroloji təminat mərkəzinin mikroiqlim laboratoriyasının bazası möhkəmləndirilərək lazım olan cihazlar alınıb. Bu isə stansiya və tunellərdə oksigen və karbon qazının miqdarını, rütubət, hava axınının istiqamətini və sürətini, ventilyatorun faydalı iş əmsalını, məhsuldarlığını müəyyən etməyə imkan verib.

Tədbirlər planına uyğun olaraq stansiyalarda və tunellərdə orta temperatur, rütubət, havanın tərkibindəki tozluluq normalar çərçivəsinə gətirilib. Ötən ilin yay mövsümünün nəticələri də öyrənilərək yeniliklərin tətbiqi üzərində iş daha da dərinləşdirilib. Cari ilin yay mövsümünə hazırlıq dövründə ventilyatorların daha səmərəli iş rejimində işlədilməsinin potensialından istifadə olunması üçün bu ildə tərtib edilmiş qrafik bir qədər də təkmilləşdirilib. Eyni zamanda, metropolitendə tətbiqi genişləndirilməkdə olan müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək, bütün aidiyyəti sahələrin işlərinə uyğun texnoloji prosesləri səmərəli qurmaq məqsədilə qrafik xüsusi elektron şəbəkədə yerləşdirilir.

Yeni yay qrafiki ilə bağlı görülən işlər sırasında stansiyalarda təbii hava axınının intensivliyinə xüsusi diqqət ayrılıb. Təbii hava axını yenidən öyrənilib və uyğun ventilyasiya rejimi tətbiq edilib, bu da stansiyalarda mikroiqlim şəraitinin, o cümlədən ventilyasiya sisteminin daha da yaxşılaşdırılmasına xidmət edir. Digər tərəfdən havanın mikroiqlim parametrlərinin öyrənilməsi və ölçülməsi konkret yerlərdə müvafiq iş rejiminin tətbiq olunması barədə nəticələr əldə etməyə imkan verib. Bu işlərlə yanaşı, istismar müddəti başa çatmış və yeni rejimi təmin etməyə qadir olmayan bir sıra ventilyatorlar yeniləri ilə əvəz edilib.

Metropolitendə münasib hava şəraitinin yaradılması, həm də stansiya və tunellərin təmizliyindən də asılıdır. Bunun üçün tunellərin yuyulma üsullarında dəyişikliklər edilib.

Onu da əlavə edək ki, “IV İslam Həmrəyliyi Oyunları” ərəfəsində stansiya və tunellərdə havanın mikroiqlim parametrləri ilə bağlı bir daha monitorinq keçirilib. Buna əsasən yarışların keçiriləcəyi və şəhər mərkəzinə yaxın stansiyalarda sərnişin axınının daha sıx və gur olması nəzərə alınaraq, stansiyaların iqlim şəraitinin normativlər çərçivəsində saxlanılması xüsusi nəzarət altına götürülüb və ventilyatorların işi normaya uyğunlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR