Sərnişindaşıma ilə məşğul olan bir neçə hüquqi və fiziki şəxsə xəbərdarlıq olunub

Sərnişindaşıma ilə məşğul olan bir neçə hüquqi və fiziki şəxsə xəbərdarlıq olunub
# 11 iyul 2017 15:06 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəziyyətini yoxlamaq məqsədi ilə marşrut xətləri üzrə mütəmadi olaraq monitorinqlər keçirir.

BNA-dan "APA-Economics"ə verilən məlumata görə, son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.


15 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-686 dövlət qeydiyyat nişanlı avtobusun istismara tam yararsız olduğu halda reysə buraxıldığı müəyyən edilib. Nəqliyyat vasitəsi sonuncu dayanacaqda marşrut xəttindən kənarlaşdırılıb, daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatları alınıb. Əsaslı təmir edilənədək avtobusun xəttə buraxılmasına qadağa qoyulub. Daşıyıcıya sonuncu xəbərdarlıq edilməklə bildirilib ki, belə halların təkrarlanacağı təqdirdə BNA tərəfindən daha sərt tədbirlər görüləcək.

Bundan başqa, 44 nömrəli marşrut xətti üzrə 90-UN-516 dövlət qeydiyyat nişanlı avtobusun ön şüşəsinin qırıq vəziyyətdə idarə edildiyi müəyyən edilib. Nəqliyyat vasitəsi xətdən kənarlaşdırılıb. Agentliyə çağırılaraq izahatı alınan daşıyıcı söz verib ki, nöqsan qısa vaxtda aradan qaldırılacaq və analoji halların təkrarlanmaması üçün zəruri işlər görüləcək.

173 nömrəli marşrut xətti üzrə 10-TF-428 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Azər Abışov isə "Koroğlu" nəqliyyat mübadilə mərkəzində dayanacaqdan kənar saxlama hallına yol verib. Sürücü və daşıyıcı agentliyə çağırılıb, izahatları alınıb və sonuncu dəfə xəbərdarlıq olunub. Bir daha belə halların baş verəcəyi təqdirdə BNA tərəfindən barələrində ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

O da bildirilir ki, BNA qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR