Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya İdarəsinin baş direktoru FETÖ ilə mübarizəyə görə Azərbaycana təşəkkür edib - MÜSAHİBƏ

Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya İdarəsinin baş direktoru FETÖ ilə mübarizəyə görə Azərbaycana təşəkkür edib - <span style="color: red;">MÜSAHİBƏ
# 12 iyul 2017 15:38 (UTC +04:00)

Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya İdarəsinin baş direktoru Mehmet Akarcanın APA-ya müsahibəsi

- Ədliyyə naziri Bəkir Bozdağ əcnəbi media nümayəndələrinə verdiyi brifinqdə Qərbdə Türkiyə iqtidarına qarşı mənfi təsəvvür yaradıldığından şikayət etdi. Bu sahədəki vəziyyət barədə dünyanın hər yerindən informasiya alan idarənin rəisi kimi sizin danışmağınızı rica edirik.

- Xüsusilə Qərb dünyasında Türkiyəyə qarşı mənfi təsəvvür yaratma cəhdləri davam edir. Nə qədər pozitiv düşünsək, bunu deyə bilərik: onlara səhv məlumatlar getdiyinə görə o qənaətə gəlirlər. Biz onların Türkiyəyə mənfi münasibət bəslədiklərinə ehtimal vermirik. Ona görə də Qərb dünyasından ölkəmizə daha çox jurnalist gətirməyə çalışırıq ki, gəlib hər şeyə şahid olsunlar və öz ictimaiyyətlərinə həqiqətləri çatdırsınlar. Bunun üçün çalışırıq. 15 iyul həftəsi mərasimləri çərçivəsində Türkiyəyə 340 əcnəbi jurnalist dəvət etmişik. Onları nazirlərimizlə, baş nazirimizlə, prezidentimizlə görüşdürəcəyik. Türkiyəyə gələn əcnəbi jurnalistlər məlumatlarının səhv olduğunu və FETÖ-nün Qərbdəki havadarları tərəfindən onlara səhv məlumatlar verildiyini gördülər. Onların işin düzgün tərəfini öyrəndikcə bundan utandıqlarını hiss edirəm. Diqqət etsəniz, son vaxtlarda Qərb mediasında Türkiyənin lehinə dönüş başladığını görəcəksiniz. Bunun davam edəcəyinə inanırıq.

- Sizin tabeliyinizdə olan xaricdəki mətbuat müşavirlərinin bu sahədəki fəaliyyətləri barədə nə demək istərdiniz?

- Mətbuat və informasiya idarəsinin fəaliyyətində indi yeni konsepsiyaya keçirik. Qərb ölkələriylə əvvəllər normal şəkildə davam edən münasibətlər son dönəmlərdə pozulmağa başladı. Ona görə, bizim onların qarşısına fərqli bir dizaynla çıxmağımız lazımdır. Bu dizaynı xaricdəki müşavirlərimizə də izah etdik. Onlar da o istiqamətdə işləyirlər. Bu proseslərdə bizim daha tez davranmağımız lazımdır. Yəni, məruz qaldığımız haqsızlıqları daha dəqiq şəkildə başa salmağımız çox mühümdür. Məsələn, əcnəbi mətbuatın dövlət idarəçiliyinin müxtəlif sahələrində öz ölkələri ilə Türkiyə arasında müqayisə apara bilməsinin lüzumunu biz onlara başa saldıq. Müşavirlərimiz türk demokratiyasının vəziyyəti barədə fəaliyyət göstərdikləri ölkələrin media qurumlarına mütəmadi şəkildə məlumatlar verirlər. G-20 zirvə toplantısında Almaniya bizim 30-dan artıq jurnalistimizi akkreditasiyadan keçirmədi. Türkiyədə təxminən 50 alman jurnalist fəaliyyət göstərdiyi halda, biz onlardan 3 nəfərini akkreditasiyadan keçirmədik. Bu fakt belə, onların və bizim mediaya baxışımızdakı qeyri-proporsionallığı ortaya qoyur.

- Ədliyyə naziri Bozdağ başda Avropa Şurası və Avropa Parlamenti olmaqla, beynəlxalq təşkilatların Türkiyəyə qarşı haqsızlıq etdiyini vurğuladı, məruzəçilərin Türkiyədəki həqiqətləri yox, FETÖ və PKK kimi terror təşkilatlarından aldıqları saxta məlumatları yazdıqlarını bildirdi. Siz beynəlxalq təşkilatların nümayəndələri ilə məlumatlandırma toplantıları keçirməyi düşünürsünüzmü?

- Biz o mövzuda iclas keçirdik. Avropanın bəzi qurumlarının məruzəçilərini ölkəmizə dəvət etdik. Bunu deyə bilərəm: onlar bağlı qapılar arxasında bizim haqlı olduğumuzu deyirlər, işin fərqindədirlər. Ancaq mətbuat konfransı keçirəndə işin tamamilə tərsindən danışdıqlarını görürəm. Bu da məndə belə bir təsəvvür yaradır ki, o məruzəçilər öz ölkələrinin hökumətlərinin bizə qarşı mövqelərinə uyğun şəkildə danışırlar. İnanın ki, Qərb ölkələrinin bir çox səfiri mənimlə üzbəüz danışanda onların həqiqətləri açıq şəkildə dərk etdiklərini görürəm. Onlara deyəndə ki, siz niyə öz ölkənizdə PKK terror təşkilatının aksiyalarına icazə verirsiniz, bir çox şeylərinə göz yumursunuz, rəsm sərgiləri açırsınız? Deyirlər ki, bizim ölkəmizdə bir hadisə baş verməsini istəmədiyimizə görə işi yola verməyə çalışırıq. Ancaq eyni insanlar bağlı qapıların arxasından çıxan kimi bunun insan haqları ilə əlaqədar məsələ olduğunu deyirlər. Əlbəttə, bu, ikili standartdır. İnanıram ki, onlar da bu yaxınlarda doğru yolu tapacaqlar. Yəni, terrorçunun yaxşısı-pisi olmaz. “Mənə dəyməyən ilan 1000 il yaşasın” şəklindəki yanaşma müəyyən yerə qədərdir. Terrorun ölkələri necə sarsa bildiyini son Hamburq örnəyində gördük. Bu sahədə beynəlxalq həmrəylik yaradılacağına inanıram.

- Yəni, səbrlə gördüyünüz işlərin nəticəsini alacağınıza inanırsınız...

- İnşallah... Bunun başqa yolu yoxdur. Əlimizdən gələn hər şeyi edirik. Fürsətdən istifadə edərək sizin vasitənizlə 15 iyul çevriliş təşəbbüsünün ilk saatlarından Türkiyənin xalq tərəfindən seçilmiş leqal iqtidarının yanında olan və daha sonra FETÖ-yə qarşı təsirli mübarizə aparan qardaş Azərbaycana təşəkkürümü bildirirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR