Azərbaycanın xarici ticarət dövriyyəsinin 39%-i Aİ ölkələrinin payına düşür

Azərbaycanın xarici ticarət dövriyyəsinin 39%-i Aİ ölkələrinin payına düşür
# 13 iyul 2017 10:29 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 159 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6065,2 mln. dollar, idxalın dəyəri 2816,9 mln. dollar təşkil edib, nəticədə 3248,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5% artıb, real ifadədə isə 15,8%, o cümlədən ixrac 7,9%, idxal 27,6% azalıb.

Ticarət dövriyyəsinin 38,9%-i Avropa İttifaqı ölkələri, 13%-i MDB üzvü dövlətləri, 48,1%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 21,2%-i İtaliyaya, 13,3%-i Türkiyəyə, 4,7%-i Portuqaliyaya, hər biri 4,6% olmaqla Gürcüstan və Kanadaya, 4,5%-i Rusiyaya, 4,4%-i Almaniyaya, 4,2%-i Çinə, 4%-i İsrailə, 3,9%-i Hindistana, hər biri 3,8% olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,3%-i Rusiyanın, 16,8%-i Türkiyənin, 9,7%-i Çinin, 5,1%-i Almaniyanın, 4,8%-i Ukraynanın, 4,2%-i ABŞ-ın, 4%-i İtaliyanın, 3,4%-i Birləşmiş Krallığın, 3,1%-i İranın, 2,1%-i Qazaxıstanın, 2%-i Fransanın, 25,5%-i isə digər ölkələrin payına düşüb.

Bu ilin yanvar-may aylarında 556,6 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1%, real ifadədə isə 19,8% çoxdur.

Bu ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 68,6%, təzə meyvə – 67,5%, kartof – 25,9%, tütün – 48,6%, bitki yağları – 21,1%, çay – 52,2%, meyvə və tərəvəz şirələri – 90,6%, təbii üzüm şərabları və üzüm suslosu – 15,2%, meyvə və tərəvəz konservləri – 5,7%, pambıq lifi – 6,2 dəfə, bentonit gili – 3,8 dəfə artıb, şəkər ixracı isə 7%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,6%, polietilen – 0,6%, emal olunmamış alüminium – 31,2%, qara metallardan borular – 14,9%, qara metallardan yarımfabrikatlar – 64,5%, pambıq ipliyi – 30,1% azalıb.

2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında xam şəkər və şəkər idxalı 1,6%, təzə meyvə – 14,1%, çay – 5,1%, quş əti və onun əlavə məhsulları – 2,4 dəfə, mal əti – 2,6 dəfə, minik avtomobilləri – 15,5%, polad prokatı – 5,6%, hesablama maşınları, blok və qurğuları – 2,1 dəfə, mebel – 17,3%, qara metallardan çubuqlar – 28,4%, rezin şinlər –61,2%, mineral gübrələr – 5,4 dəfə, qara metallardan künclüklər ­– 35,1%, məişət kondisionerləri – 49,2%, paltaryuyan maşınlar – 2,2 dəfə, yük avtomobilləri – 70,1%, avtobuslar – 9,4% artıb, buğda idxalı isə 38,4%, bitki yağları – 26,7%, kərə yağı, digər süd yağları və pastaları – 5,7%, kartof – 6,4%, təzə tərəvəz – 43,3%, qara metallardan borular – 67,5%, polietilen – 31,1%, sement və sement klinkerləri – 91,5%, məişət soyuducuları – 44,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR