Bu ilin ilk yarısında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin ilk yarısında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
# 13 iyul 2017 10:36 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8% üstələyərək 16,2 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,0% və 2,5% üstələyib.

Bu ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 4,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının 11,4%-i ticarət müəssisələri, 54,0%-i fərdi sahibkarlar tərəfindən, 34,6%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,2%, fərdi sahibkarlar üzrə 2,3%, bazar və yarmarkalar üzrə 0,2% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 277,8 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 38,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR