Bakı Ali Neft Məktəbində ilk “Məzun günü” keçirilib

Bakı Ali Neft Məktəbində ilk “Məzun günü” keçirilib
# 14 iyul 2017 14:36 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) ilk “Məzun günü” keçirilib.

BANM-dən APA-ya bildirilib ki, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, SOCAR və BP şirkətlərinin rəsmiləri və müəssisələrinin rəhbərləri, ali məktəblərin rektorları, transmilli şirkətlərin nümayəndələri, Böyük Britaniyanın Heriot-Watt Universitetinin nümayəndələri, Ali Məktəbin professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak edib.

Rektoru Elmar Qasımov məzunları və onların valideynlərini təbrik edib, bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, ölkəmizin intellektual gəncliyinin BANM-dən məzun olmaları qürurvericidir. O qeyd edib ki, Ali Məktəbin bir sıra məzunu dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin magistratura pilləsinə təqaüd qazanmaqla daxil olub. Digərləri isə SOCAR-Türkiyə, Star Refinery, BP və bu kimi transmilli şirkətlərə işə qəbul edilib.

Rövnəq Abdullayev çıxışında bunları deyib: “Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələr, o cümlədən “Biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir. Siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz”.

Qari Counz Ali Məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

Firudin Qurbanov ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.

“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2016/2017-ci tədris ilində Ali Məktəbinin 102 məzunu BANM-in və Heriot Vatt Universitetinin diplomlarını alıb.

Xatırladaq ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında iki diplom layihəsi çərçivəsində mütəxəssis hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Ali Məktəbdə bakalavriat səviyyəsində “Neft-qaz mühəndisliyi “ və “Kimya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR