Baş Şirvan Kollektorunun İstismarı İdarəsində büdcə vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar aşkarlanıb

Baş Şirvan Kollektorunun İstismarı İdarəsində büdcə vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar aşkarlanıb
# 17 iyul 2017 14:28 (UTC +04:00)

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 yanvar 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövrdə dövlət büdcəsindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan APA-ya verilən məlumata görə, Baş Şirvan Kollektoru Ağdaş, Ucar, Kürdəmir, Sabirabad, Hacıqabul, Şirvan və Salyan rayonlarının təsərrüfatlarına xidmət göstərir. İdarənin xidmət şəbəkəsinə uzunluğu 215,7 km olan Baş Şirvan kollektoru, 622,53 km təsərrüfatlararası kollektorlar, 572,25 km təsərrüfatdaxili kollektorları, 773 ədəd körpü, 5 ədəd düker, 182 akveduk ötürücü qurğuları və 6 ədəd su ölçən məntəqə daxildir. Kollektorun üzərində ümumi məhsuldarlığı 38,05 m³/saniyə olan 11 ədəd meliorativ nasos stansiyası fəaliyyət göstərir. Kollektor vasitəsi ilə 2015-ci ildə 1,4 mlrd. m³, 2016-cı ildə 1,6 mlrd. m³ qrunt suları Xəzər dənizinə axıdılıb, su ilə birlikdə axıdılan zərərli duzların miqdarı uyğun olaraq 2015-ci ildə 5 711 min ton və 2016-cı ildə 8 181 min ton olub.

Auditlə ümumilikdə 6 744,9 min manat məbləğində vəsait əhatə olunub.

İdarə tərəfindən büdcə layihəsinə təkliflər hazırlanarkən xərclərə olan tələbat dəqiq hesablamalara əsasən tərtib edilməyib, 2015-ci ildə idarə qazla təchiz olunmadığı halda “Qaz haqqının ödənilməsi” paraqrafı üzrə vəsait nəzərdə tutulmuş, müvafiq illər üzrə ilin əvvəlinə olan anbar qalıqları nəzərə alınmayıb, yanacaq və sürtgü materiallarının sərfi üzrə nəqliyyat vasitələrinin marşrut və manevr xətləri müəyyənləşdirilməyib, hər bir meliorativ nasos stansiyasına və təmir işləri aparılacaq obyektlərə qədər olan gediş-gəliş məsafəsi müəyyən edilməyib, yol vərəqələrində zəruri göstəricilər doldurulmayıb, nəqliyyat vasitələrinə artıq ehtiyat hissələri silinib.

Auditlə əhatə olunan dövrdə təchizatçı tərəfindən meliorativ nasos stansiyasının enerji təchizatında sərhəd mənsubiyyətinə qədər enerji itkilərinin müqavilə şərtlərinə zidd olaraq idarənin sayğac göstəricisinə əlavə edilməsi hesabına enerji itkisi hesablanıb, "Sudan istifadə Qaydaları"nın tələblərinə əməl edilmədiyindən isə artıq su haqqı üzrə səmərəsiz xərcə yol verilib.

ASC tərəfindən idarənin istismar tədbirləri planı təsdiq edilərkən İdarənin texnika və işçi qüvvəsinin potensialının düzgün qiymətləndirilməməsi nəticəsində yerinə yetirilmiş lildən təmizləmə işləri 2015-ci ildə 72,5%-i, 2016-cı ildə 73,9%-i idarənin öz gücü ilə icra edilib, qalan 2015-ci ildə 27,5%-i, 2016-cı ildə isə 26,1%-i podrat müqavilələrlə yerinə yetirilib. İdarənin texnika və işçi qüvvəsindən tam istifadə edilməyib və boşdayanmalara yol verilib.

Hesablama Palatasının Kollegiyası İdarə tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR