Bu il 2,8 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

Bu il 2,8 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib
# 17 iyul 2017 14:59 (UTC +04:00)

2017-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 mlrd. 833,1 mln. manat təşkil edib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bunun 1 mlrd. 656,4 mln. manatı heyvandarlıq, 1 mlrd. 176,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7%, heyvandarlıq məhsullarının istehsalı isə 2,6% artıb.

Bitkiçilik. Ölkədə yaz tarla işləri başa çatıb. Cari il iyun ayının 24-nə 469 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə əkinlərin ümumi sahəsi 26,1% artıb. Bu dövrdə 33,6 min hektar (38,3% çox) dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 38,8 min hektar (4,8% çox) qarğıdalı (ondan 35,8 min hektarı dən üçün), 58,8 min hektar (5,3% az) kartof, 68,4 min hektar (6,4% az) tərəvəz, 23,4 min hektar (10,6% az) bostan bitkiləri, 136,4 min hektar (2,6 dəfə çox) pambıq, 14,1 min hektar (2 dəfə çox) şəkər çuğunduru, 15 min hektar (81,7% çox) dən üçün günəbaxan, 3,3 min hektar (37,9% çox) tütün, 66,5 min hektar (9,6% az) çoxillik otlar, 2,3 min hektar (5,1% çox) birillik otlar, 34,3 hektar (79,2% az) yemlik kökümeyvəlilər və 8,4 min hektar (2,2 dəfə çox) sair bitkilər əkilib.

Ölkədə əsas bitkiçilik məhsullarının yığımı davam edir və 2017-ci il iyul ayının 1-nə kimi tarlalardan 284,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,9% az kartof, 561 min ton (41,8% çox) tərəvəz, 44,3 min ton (2,8% çox) bostan məhsulları, 96,4 min ton (1,1% çox) meyvə və giləmeyvə, 119 ton (8,2% çox) tütün, 326,3 ton (35,7% az) yaşıl çay yarpağı yığılıb.

İyulun 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 1 mln. 393,6 min ton (keçən il 2 mln. 89,8 min ton) payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığılıb.

Heyvandarlıq. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 2,9% artaraq 237,8 min ton, süd istehsalı 0,8% artaraq 1 mln. 3,5 min ton, yumurta istehsalı 6,7% artaraq 879,4 mln. ədəd, yun istehsalı isə 3,6% azalaraq 14,7 min ton olub.

2017-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2 mln. 707,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 mln. 299,9 min baş inək və camış, 8 mln. 767,1 min baş qoyun və keçi və 4779 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48%-ini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 38 min ton (keçən il 30,4 min ton) quş əti və 382 mln. ədəd (keçən il 342,9 mln. ədəd) yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 mln. 54,4 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 102 ədəd yumurta alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR