Numan Kurtulmuş: “Türk Şurasının zirvə toplantısı Bişkekdə keçiriləcək”

Numan Kurtulmuş: “Türk Şurasının zirvə toplantısı Bişkekdə keçiriləcək”
# 09 avqust 2017 14:51 (UTC +04:00)

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin dövlət başçılarının zirvə toplantısı yaxın gələcəkdə Bişkekdə keçiriləcək.

Bunu APA-nın Türkiyə bürosunun sualına cavabında Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş deyib. Xatırladaq ki, keçən il Bişkekdə keçirilməsi planlaşdırılan zirvə toplantısı Türkiyə ilə Qırğızıstan arasındakı soyuqluğa görə baş tutmamışdı.

“Qırğızıstanın baş naziri ilə bizim baş nazirimiz arasında dünən Ankarada keçirilən rəsmi görüşdə bu məsələ müzakirə edildi. İnşallah, ən yaxın gələcəkdə Qırğızıstanın paytaxtı Bişkekdə Türk Şurası dövlət başçılarının zirvə toplantısı keçiriləcək”, - deyə N. Kurtulmuş söyləyib.

2016-cı ildə Rusiyanın boykotu ilə əlaqədar Türkiyə turizminin məruz qaldığı təxminən 2 milyard dollarlıq zərərin kompensasiya edilib-edilmədiyi barədə sualı nazir belə cavablandırıb: “Bilirsiniz ki, qısa müddət əvvəl Antalyada turizmçilərlə toplantı keçirdik. Orada gördük ki, bu il Rusiyadan Türkiyəyə gələn turistlərin sayında 571% artım var. Köhnə səviyyəsinə hələ gəlməsə də, vəziyyət düzəlməyə doğru gedir, sürətlə düzələcək. Builki düzəlmə gələcəkdə daha sürətlə yolumuza davam etməyə səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR