Nazir Səlim Müslümov Malayziya səfiri ilə görüşüb

Nazir Səlim Müslümov Malayziya səfiri ilə görüşüb
# 13 sentyabr 2017 14:30 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Malayziyanın ölkəmizdəki səfiri Roslan Abdul Rahman ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin mövcud olduğunu, üç il bundan öncə, 2014-cü ilin sentyabrında Azərbaycan ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamənin, müxtəlif sahələrdə əməkdaşlığa aid sənədlərin imzalanmasından sonra bu əlaqələrin daha da genişləndiyini qeyd edib. S.Müslümov Malayziya ilə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib: “Azərbaycan prezidenti İlham Əliyevin Əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransının iştirakçıları ilə görüşündə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə irəli sürdüyü təklif təşkilata bütün üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Artıq həmin mərkəzin yaradılması işləri, demək olar ki, son mərhələdədir. İƏT-in Bakıda Əmək Mərkəzi Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Malayziya arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına şərait yaradacaq”.

Nazir son 14 ildə Azərbaycanda ümumdaxili məhsulun 3 dəfədən çox artdığını diqqətə çatdırıb: “Xüsusilə uğurlu iqtisadi şaxələndirmə şəraitində qeyri-neft sektorunda 2,6 dəfə artım özünü göstərib və həmin sektorun milli iqtisadiyyatda xüsusi çəkisi 70%-ə çatıb ki, bu da məşğulluq imkanlarının artırılması baxımından xüsusi önəm kəsb edir. Regional inkişaf və özəl sektorun genişlənməsi şəraitində qeyri-neft sektorunun artımı 1,6 mln. yeni iş yerinin açılmasına, işsizliyin 5% səviyyəsinə enməsinə imkan verib. Rəsmi statistikaya əsasən, hazırda muzdla çalışanların 98%-ə yaxını də məhz qeyri-neft iqtisadiyyatında çalışanlardır. Bu inkişaf prosesləri qeyd olunan dövrdə əhalinin gəlirlərinin 5,2 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın artması ilə müşahidə edilib”.

Ölkəmizdə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını qeyd edən S.Müslümov ölkə əhalisinin 26%-dən çoxunun sosial təminat sistemi ilə əhatə olunduğunu, beynəlxalq qurumlar tərəfindən Azərbaycanın sosial müdafiə sisteminin geniş əhatəliliyə malik sistem kimi dəyərləndirildiyini vurğulayıb: “Sosial müdafiə sisteminin gücləndirilməsi üçün müvafiq işlər aparılmaqla, digər tərəfdən, aktiv əmək bazarı proqramları vasitəsilə əmək resurslarının səmərəli məşğulluğuna, ailə gəlirlərinin azalmasının qarşısının alınmasına yönələn kompleks tədbirlər paketi reallaşdırılıb. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların ailə əməyinə əsaslanan fərdi təsərrüfat sahibləri olmalarına, bununla onların və ailə üzvlərinin özünüməşğul fəaliyyətini quraraq ailə biznesinə yiyələnmələrinə imkan verib. Bütün bu proseslər qlobal böhranın fəsadlarının ölkənin sosial həyatında da hiss olunmadan ötüşməsinə şərait yaradıb”.

Son illərdə ölkəmizdə əmək, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulduğunu qeyd edən S.Müslümov bildirib ki, həmin elektron sistemlər üzərində nazirliyin fəaliyyət sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Hazırda digər aidiyyəti sahələrdə də elektron xidmətlərin yaradılması işləri davam etdirilir. Yaradılmış avtomatlaşdırılmış sistemlər vasitəsilə əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində müasir idarəetmə mexanizmləri və əhaliyə şəffaf, sosial cəhətdən həssas qruplar üçün əlçatan xidmətlər şəbəkəsi formalaşdırılıb”.

Nazir iki ölkənin aidiyyəti qurumları arasında əmək bazarı proqramları, əhalinin özünüməşğulluğunun təmin olunması, işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, müasir və şəffaf iş sistemlərinin qurulması və s. sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.

A.R.Roslan ölkəsinin Azərbaycana daim dost münasibəti göstərdiyini və ikitərəfli əlaqələrin güclənməsində maraqlı olduğunu vurğulayıb. Səfir Azərbaycan ilə Malayziya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkə üçün faydalı olan biləcəyini bildirib. O, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının da bu sahədə mühüm töhfə verəcəyini və bu təşəbbüsü Malayziyanın dəstəklədiyini bildirib.

Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyətinə və gələcək inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR