Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının baş naziri ilə görüşüb
# 14 sentyabr 2017 09:01 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın baş naziri Nquyen Xuan Fuk ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar olaraq əlamətdar olduğunu vurğulayaraq, rəsmi səfəri çərçivəsində münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş “Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər” mövzusunda təşkil edilmiş konfransda iştirak etdiyini, geniş müzakirələr aparıldığını bildirib.

Görüş əsnasında nazir həmsöhbətinə Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub dəhlizi barədə məlumat verərək, Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb. Bu xüsusda, qeyd edilən dəhliz vasitəsilə Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanların mövcudluğu qeyd olunub.

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən baş nazir Azərbaycan tərəfinin bu təklifinin cəlbedici olduğunu, bununla bağlı Vyetnam tərəfinin müzakirələrə açıq olduğunu bildirib.

Habelə, baş nazir Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb. Bu xüsusda, baş nazir Vyetnam bazarının Azərbaycanın neft maşınqayırma sənayesi məhsulları üçün açıq olduğunu bildirib.

Görüşdə Vyetnamda istehsal olunan məhsulların Azərbaycan bazarına da ixracı məsələsi müzakirə olunub.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın mühüm rola malik olduğu bildirildi və Komissiyanın qarşıdan gələn iclaslarında müxtəlif sahələr üzrə ekspertlərin iştirakının vacib olduğu qeyd olunub.

Həmçinin, iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların qurulması və biznes forumlarının keçirilməsinin əhəmiyyətinə toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR