"Bakutel 2017" sərgisinin vaxtı açıqlanıb

"Bakutel 2017" sərgisinin vaxtı açıqlanıb
# 19 sentyabr 2017 07:59 (UTC +04:00)

5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel 2017" sərgi-konfransı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, beləliklə, "Yüksək Texnologiyalar Həftəsi"nə start veriləcək.

Bu gün “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT sahəsinin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumatları mübadilə və emal etmək məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.

"Bakutel 2017" sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

Bu il "Bakutel" sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları, eləcə də teleradio yayım şirkətləri yer alır. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Tədbir iştirakçılarının 40%-ni "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Yeni şirkətlər arasında isə "Hikvision", "Nokia Networks" və digər şirkətlər yer alır.

"Bakutel 2017" sərgisində bir sıra ölkələrin milli stendləri də təqdim olunur. Bu ölkələrin tədbirdə iştirakı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır.

Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin "Bakutel 2017" sərgisi çərçivəsində "B2B" formatlı görüşlər də təşkil olunacaq. Bu tədbirlər çərçivəsində sərgi iştirakçıları və peşəkar ziyarətçilər ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir.

Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnaməni rəsmi saytdan www.bakutel.az əldə edə bilərsiniz.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR