"İraq Hava Yolları" şirkətinin Bakı nümayəndəliyinin direktoru məhkəmədə ifadə verib

"İraq Hava Yolları" şirkətinin Bakı nümayəndəliyinin direktoru məhkəmədə ifadə verib
# 17 oktyabr 2017 11:53 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda "İraq Hava Yolları" şirkətinin direktoru İsam Almuxtar Abduljabbar Huseyn bildirib ki, qətlə yetirilən Əli Ağalı 12 dekabr 2016-cı il tarixdə işdən çıxarılıb: "Onun işdən çıxarılma əmrini mən imzalamışam, lakin onu hələ sıravi işçi kimi saxlamışdıq".

Şirkət direktoru hadisə barədə danışaraq qeyd edib ki, Ə. Ağalı təqsirləndirilən şəxsi döyüb, təhqir etdiyi üçün belə bir hadisə baş verib: "Belə hadisələr çox olurdu. Onların arasında baş verən mübahisə zamanı hətta mənə də zərər dəyib. Sifətimə yumruq vurublar".

Proses oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR