İsfar Sarabski Fransada keçirilən festivalda çıxış edib

İsfar Sarabski Fransada keçirilən festivalda çıxış edib
# 06 noyabr 2017 15:24 (UTC +04:00)

Azərbaycanlı bəstəkar, caz ifaçısı, pianoçu İsfar Sarabski "Jazzus Productions" şirkəti tərəfindən Fransanın Reyms şəhərində keçirilən "The Sunnyside Jazz Festival"da çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, tamaşaçılara onun ifasında caz və klassik musiqilərinin sintezi təqdim olunub. Onun festivalda çıxışı TEAS-ın Paris nümayəndəliyinin dəstəyi baş tutub.

İ. Sarabslo ifasını caz-muğamın banisi olan Vaqif Mustafazadənin "Marşı" ilə başlayıb. Onun 450 caz pərəstişkarı qarşısında çıxışı böyük maraqla qarşılanıb.

Festivalda İ. Sarabskinin ən populyar bəstəsi olan “G-Man” əsəri də səslənib. Daha sonra İsfar "Blame It On My Youth" caz balladasını ifa edib. Sonuncu ifa olunmuş əsər isə İsfarın üç həftə əvvəl bəstələdiyi "Planet" əsəri olub.

İ. Sarabski müsahibəsində Azərbaycan cazının sürətlə inkişaf etdiyini deyib: “Ölkəmizdə keçirilən festivallar, yarışmalar və dünya şöhrətli caz musiqiçilərinin konsertləri buna sübutdur. Cazın bizim mədəniyyətimizdə həmişə xüsusi yeri olub. Bir vaxtlar Azərbaycana Sovet İttifaqının caz paytaxtı deyirdilər. Mən studiyada iş üzərində uzun günlər keçirirəm. Yenilik tapmaq üçün mən adətən müxtəlif üslublarda ifa edirəm. Əgər sənin istedadın varsa, sən öz bacarıqlarını yaxşılaşdırmaq və yaxşıların yaxşısı olmaq üçün çalışmalısan”.

Qeyd edək ki, indiyədək İ. Sarabski dünyanın bir çox məşhur konsert salonlarında - Londondakı "Royal Albert Hall", "Ronnie Scott's Jazz Club", Berlindəki "Asphalt Jazz Club" və Parisdəki "Le Duc des Lombards" da çıxış edib. O, həmçinin "Jazz Foundation of America" şirkətinin təşkilatçıliği ilə Nyu-Yorkun əfsanəvi “Apollo” Teatrında keçirilmiş "A Great Night in Harlem" xeyriyyə gecəsinin də iştirakçısı olub. Bu yaxınlarda onun tunisli caz musiqiçisi Dhafer Yousseflə Avropa ölkələrinə qastrol səfəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR