2017-ci ilin 9 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
İcmalda deyilir ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə dollarla valyuta əməliyyatlarının həcmi 20,4%, avro ilə əməliyyatların həcmi isə 7% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin 9 ayı ərzində 281 mln. dollar xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 117 mln. dollar xalis alış həyata keçirilib ki, bu da manatın stabilliyi ilə əlaqədardır.