Azərbaycan və Efiopiya Xarici İşlər nazirlikləri arasında Memorandum imzalanıb

Azərbaycan və Efiopiya Xarici İşlər nazirlikləri arasında Memorandum imzalanıb
# 10 noyabr 2017 11:21 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Vorkene Qebeyehu ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərin son illər inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. V. Qebeyehu E. Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirib və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

E. Məmmədyarov həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Nazir V. Qebeyehu dəvəti məmnuniyyətlə qəbul etdiyini deyib.

Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar. Onlar ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.

Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes forumlarının keçirilməsinə dair razılıq əldə olunub. E. Məmmədyarov Azərbaycandan Cibutiyə və digər Afrika ölkələrinə hava yolu ilə yüklərin daşındığını, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarını qeyd edərək iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu nəzərə çatdırıb.

Nazirlər efiopiyalı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldığını qeyd edərək, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barəsində məlumat verib.

Sonda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu” imzalayıblar.

Görüşdən sonra Elmar Məmmədyarov Efiopiyaya səfəri və keçirilmiş görüşlər haqqında yerli KİV-in suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR