Azərbaycanın mülki aviasiyasının inkişafı ilə bağlı bir sıra razılaşmalar əldə olunub

Azərbaycanın mülki aviasiyasının inkişafı ilə bağlı bir sıra razılaşmalar əldə olunub
# 14 noyabr 2017 13:06 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) ən böyük şəhəri Dubayda dünyanın 60-dan çox ölkəsindən 1 200-dən çox eksponentin iştirak etdiyi və 160-dan çox müasir təyyarənin təqdim olunduğu ən böyük beynəlxalq aviasiya sərgisi "Dubai Airshow 2017"da Azərbaycanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə və digərlərinin də daxil olduğu rəsmi nümayəndə heyəti təmsil edir.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sərgi çərçivəsində danışıqların yekunlarına əsasən sazişlər imzalanıb və mülki aviasiya sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub.

Ən önəmli sazişlərdən biri AZAL prezidenti Cahangir Əsgərov, “Boeing Commercial Airplanes”ın prezidenti - baş icraçı direktoru Kevin Makalister və "Boeing Global Services"in prezidenti - baş icraçı direktoru Sten Dil tərəfindən beş “B787-8 Dreamliner” və iki B747-8F (və ya B777F) təyyarələrinin alınmasına dair imzalanan saziş olub. Sazişin dəyəri 1,9 mlrd. dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.

Daha bir saziş “Azərbaycan Hava Yolları” QSC və “Rockwell Collins International” şirkəti arasında Azərbaycanın milli aviadaşıyıcısının yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükünə dair imzalanıb. Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.

C.Əsgərovun "Embraer Commercial Aviation"nın rəhbəri Con Slatteri ilə görüşündə tərəflər ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Danışıqların yekunlarına əsasən lizinq şərtləri ilə iki "Embraer 190" təyyarəsinin alınmasına dair saziş imzalanıb.

Azərbaycan nümayəndə heyəti həmçinin "Dubai Airport Freezone" stendini ziyarət edib və burada hava limanı ərazisində Azad iqtisadi zonanın (AİZ) yaradılması təcrübəsi ilə tanış olub.

AZAL prezidenti və "Qrajdanskie Samoletı Suxoqo" (Гражданские самолеты Сухого) SC-nin prezidenti Aleksandr Rubtsov danışıqlardan sonra "Sukhoi Superjet 100" təyyarəsinin yeni biznes versiyasını nəzərdən keçiriblər.

Həmçinin C.Əsgərov "Vertoletı Rossii" (Вертолеты России) Holdinqinin baş direktoru Andrey Boqinski ilə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən Azərbaycanın "Silk Way Helicopter Services" şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb.

Məhsuldar danışıqlar eyni zamanda "Leonardo" şirkəti ilə də aparılıb və danışıqların yekunlarına əsasən offşor əməliyyatlar üçün "AgustaWestland AW169" helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılması üçün "AgustaWestland AW109" helikopterinin alınması üzrə saziş imzalanıb.

AZAL prezidentinin "Antonov" dövlət müəssisəsinin prezidenti vəzifəsini icra edən Aleksandr Krivokon ilə danışıqlarının əsas yekunu Azərbaycanın ərazisində "АN-178" təyyarəsinin birgə istehsalının yaradılması üzrə əldə olunan razılaşma olub. "Silk Way" aviaşirkəti tərəfindən "AN-124" təyyarəsinin alınması ilə əlaqədar olaraq görüşdə Azərbaycanın ərazisində bu tip təyyarəyə birgə texniki xidmət haqqında qərar qəbul olunub.

İmzalanan sazişlər və əldə edilən razılaşmalar Azərbaycan mülki aviasiyasının gələcək inkişafı və yeni iş yerlərinin yaradılması üçün mühüm stimul olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR