Moskvada Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub

Moskvada Kərim Kərimovun 100 illik yubileyi qeyd olunub
# 14 noyabr 2017 23:41 (UTC +04:00)

Moskvada məşhur sovet alim-mühəndisi, sovet kosmonavtikasının banilərindən biri olmuş general-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə paytaxtın Kərim Kərimov adına olan 1583 saylı gimnaziya kompleksində keçirilən yubiley tədbirində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ÜAK prezidenti professor Fazil Qurbanov, Kərim Kərimovun ailə üzvləri, rusiyalı kosmonavtlar, Azərbaycan diasporunun üzvləri və səfirlik nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Kərim Kərimov adına 1583 saylı gimnaziyanın direktoru Svetlana Dvoryantseva bu təhsil ocağının dahi Kərim Kərimovun adını daşıdığına görə kollektivin fəxr etdiyini bildirib. Kərim Kərimovun Azərbaycanın və Rusiyanın dahi oğlu olduğunu söyləyən S. Dvoryantseva onun həyat yolunun şagirdlərə örnək olduğunu vurğulayıb. Gimnaziya direktoru Kərim Kərimovun yubiley tədbirinin təşkilinə görə Ümumrusiya Azərbaycan Konqresinə təşəkkürünü də bildirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Sovetlər İttifaqı kimi nəhəng bir ölkədə bu mövqeyə yüksəlməyin hər adama nəsib olmadığını, hər adamın bunu bacarmadığını söyləyib: "Kərim Kərimovun tutduğu mövqe çox yüksək mövqe idi. Böyük istedada malik Kərim Kərimov öz savadı və bacarığı hesabına bu mövqeyə qalxmışdı. Kosmonavtika Sovetlər İttifaqı üçün çox önəmli və prioritet sahə idi. Ona görə də, kosmosa ilk insan məhz Sovetlər İttifaqından uçmuşdu. Azərbaycanlılar Sovetlər İttifaqında kosmosa uçuş Dövlət komissiyasının sədrinin həmyerliləri olduğunu bilmirdilər. Biz bunu bilmirdik. Kərim Kərimovun şəxsiyyəti gizli saxlanılırdı. Ancaq Sovetlər İttifaqının dağılmasından sonra biz həmyerlimizin varlığından xəbər tuta bilmişik. Bu dahi insanın bütün həyatını Sovetlər İttifaqı kosmonavtikasına həsr etdiyini və bu sahəyə böyük töhvələr verdiyini bilmişik. Mənə onunla şəxsən tanış olmaq nəsib olub. Kərim Kərimov çox ciddi, təvazökar insan olub. Ona baxanda heç deməzdin ki, o, bu boyda mükafatların, rütbənin sahibidir.

Mənim Rusiyada səfir olduğum müddətdə isə bizim diasporun köməyi ilə Moskvada 157 saylı məktəbə bu dahi insanın adı verildi. Biz bu hadisəni çox böyük şadyanalıqla qeyd etdik. Moskvada təhsil sahəsində baş verən islahatlarla əlaqədar Kərim Kərimov adına məktəbin sahəsi daha da böyüyüb. O, artıq bir neçə təhsil kompleksini özündə birləşdirir. Bu çox sevindirici haldır. Bu təhsil ocağında təhsil alanlar Kərim Kərimovun kim olduğunu biləcəklər. Bu insandan nümunə götürmək olar, onunla fəxr etmək olar".

Səfir Azərbaycan prezidenti İlham Əliyevin Kərim Kərimovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzaladığını da nəzərə çatdırıb: "Bu günlərdə yubiley tədbiri Bakıda da keçiriləcək.

ÜAK prezidenti professor Fazil Qurbanov isə çıxışında Kərim Kərimovun adını daşıyan gimnaziyada onun 100 illik yubileyinin keçirilməsinin əlamətdar hadisə olduğunu söyləyib: "Rusiya və Azərbaycan xalqlarını çoxəsrlik tarixi bağlar birləşdirir. Bu iki xalq dünya elminə bir çox alimlər, ictimai xadimlər bəxş edib. Mirzə Kazımbəy, Topçubaşov qardaşları, Əliağa Şıxlinski, Kərim Kərimov, Heydər Əliyev, Tahir Salahov və digərlərinin adlarını çəkmək kifayət edir. Bu gün Rusiyada yaşayan Azərbaycan diasporu belə oğulları ilə hər zaman fəxr edir".

General-leytenant Kərim Kərimovla eyni adı daşıyan nəvəsi Kərim Kərimov yubiley tədbirinin keçirilməsinə görə ailəsi adından Ümumrusiya Azərbaycan Konqresinə və Azərbaycanın Rusiyadakı səfirliyinə təşəkkürünü bildirib. Kərim Kərimovla bağlı xatirələrini bölüşən nəvəsi onun bütün həyatını işinə həsr etdiyini söyləyib: "Mən və qardaşım babamla bir evdə yaşamağımıza baxmayaraq onu gec-gec görürdük. O, çox vaxt ezamiyyətlərdə olurdu. Biz onun kosmonavtika ilə məşğul olduğunu bilirdik. Lakin onun nə vəzifə tutduğunu və işinin detallarını bilmirdik. Evimizdə kosmonavtlar qonaq olurdular. Onların danışdıqlarını böyük maraqla dinləyirdik. Bu tarix heç zaman bizim yaddaşımızdan silinməyəcək".

Tədbirdə çıxış edən məşhur kosmonavt-konstruktor Sergey Korolyovun qızı Natalya Korolyova Kərim Kərimovla bağlı xatirələrini bölüşüb. O, Kərim Kərimovun da atası kimi şəxsiyyətinin gizli saxlanıldığını vurğulayıb: "Bizim ailəvi dostluğumuz vardı. Atam öləndən sonra Kərim Kərimov hər il 12 yanvar tarixini bizdə qeyd edirdi. Çünki həmin gün əfsanəvi Sergey Korolyovun doğum günü idi. Kərim Kərimov ölənə kimi bu tarixi bizdə qeyd etdi".

Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib. Gimnaziyanın musiqi kollektivi və "Odlar yurdu" rəqs ansamblının ifasında musiqi və rəqs nömrələri nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR