Gələn il AÇG yatağında xam neft hasilatının həcmi 204,4 mln. barel proqnozlaşdırılır

Gələn il AÇG yatağında xam neft hasilatının həcmi 204,4 mln. barel proqnozlaşdırılır
# 29 dekabr 2017 10:16 (UTC +04:00)

Gələn il Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) açıqlanıb.

APA-nın məlumatına görə, bu, Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Sənəddə qeyd edilir ki, 2018-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcmi 204,4 mln. barel (28,0 mln. ton) olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2017-ci ilin göstəricisinə nisbətən (211,7 mln. barel) 7.3 mln. barel azdır. Layihəyə əsasən 2018-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmalarının 5653,4 mln. ABŞ dolları və ya 9723,8 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2016-cı ilin müvafiq icra göstəricisindən 1403,7 mln. manat və ya 16,9% çox, 2017-ci ilin proqnoz göstəricisindən 102,4 mln. manat və ya 1,0% az, gözlənilən icra göstəricisindən isə 1294,6 mln. manat və ya 11,7% azdır. 2017-ci ilin proqnozu və 2016-cı ilin icrası ilə müqayisədə azalmanın səbəbi kimi, bir tərəfdən hasilatın 2017-ci ilə nisbətən aşağı düşməsi, digər tərəfdən dürüstləşdirmə çərçivəsində Fondun 2017-ci il üçün büdcəsində müvafiq gəlir maddəsinə edilmiş dəyişikliklərlə 2017-ci ilin 8 ayı üzrə (yanvar-avqust) faktiki göstəricilərin və 2017-ci ilin 8 ayı üzrə orta çəkili satış qiymətinin 51,33 ABŞ dolları təşkil etməsi göstərilir. Hesablama Palatası hesab edir ki, bu məbləğlərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və BP şirkətinin məktublarına əsasən müəyyən edildiyini nəzərə alaraq, əvvəlki illərlə müqayisəli şəkildə ətraflı hesablamaların da (həcmlər və daxilolmaların dəyişməsi səbəbləri göstərilməklə) təqdim olunan sənədlər və məlumatlar zərfinə daxil edilməsi məqsədəuyğun olardı.

Fondun 2018-ci il büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit gəlirlər) 9,5 mln. ABŞ dolları və ya 16,3 mln. manat həcmində olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2016-cı ilin müvafiq icra göstəricisindən 1,6 mln. manat və ya 9% az, 2017-ci ilin proqnoz göstəricisindən 1,35 mln. manat və ya 7,6% az, gözlənilən icra göstəricisinə bərabərdir. Hesablama Palatası qeyd edib ki, təqdim edilən məlumata əsasən bu gəlir maddəsi üzrə azalma tranzit haqlarının dəyişməz (stabil) qaldığı şəraitdə hasilatın aşağı düşməsi səbəbindən ixrac boru kəməri ilə 2017-ci illə müqayisədə daha az miqdarda neftin ixrac ediləcəyi ilə bağlıdır ki, müvafiq göstəricilər və hesablamaların da təqdim olunan sənədlər və məlumatlar zərfinə daxil edilməsi məqsədəuyğun olardı.

Rəydə qeyd edilir ki, Dövlət Neft Fondunun investisiya siyasətinin formalaşdırılmasında uzunmüddətli investisiya strategiyasının səmərəli tətbiqinə, investisiya portfelinin bu strategiya fonunda daha da optimallaşdırılmasına və gəlirliliyinin yüksəldilməsinə istiqamətlənən mövcud bazar konyunkturasının ciddi araşdırılmasına və müvafiq təhlillərin aparılmasına ehtiyac yaranıb. Beynəlxalq kapital və qiymətli kağızlar bazar konyunkturları üzrə tərəddüdlərin nəticəsində yaranmış və yarana biləcək risklərin minimuma endirilməsi məqsədilə qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə ümumi yuxarı həddin müəyyənləşməsi və səhm (pay) portfelinin investisiya portfelinin məcmu dəyərinin ümumi olaraq maksimum 25%-i nəzərə alınmaqla (31 oktyabr 2017-ci il tarixə investisiya portfelində səhm portfelinin həcminin 5311,0 mln. ABŞ dolları və ya 14,7% təşkil etməsi nəzərə alınmaqla) növbəti ilə ehtiyatlı yanaşma prinsipi əsasında mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etmək olar.

Sənəddə bildirilir ki, cari ildən başlayaraq Fondun səhm portfelinin əvvəlki illə müqayisədə 15%-dən 25%-dək qaldırılması nəzərdə tutulur. Fond səhmlərə investisiya qoyuluşuna 2010-cu ildən başlayıb və 2014-cü ilin sonuna səhmdə aktivlərin həcmi 6,5%, 2015-ci ildə 10,2%, 2016-cı ildə 12,2% təşkil edib. 2016-cı ilin investisiya siyasəti sənədində bu nisbətin 15%-dək limitdə müəyyən edilməsi göstərilib. Hesablama Palatası bildirir ki, ötən dövrlərdən fərqli olaraq səhm portfelinin artırılması həmin aktivlərdə saxlanılan vəsaitlərin gəlirlilik səviyyəsini qaldırsa da, səhmdə böyük həcmdə pulun saxlanılması son dövrlərdə maliyyə bazarlarında müşahidə edilən dəyişkən davranışların fiskal itkilərə səbəb ola bilməsi ehtimalı diqqətdə saxlanılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR