İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb - ARAŞDIRMA

İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb - <span style="color: red;">ARAŞDIRMA
# 11 yanvar 2018 10:20 (UTC +04:00)

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır.

Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.

Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı bildirilir. Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev də APA-ya açıqlamasında son dövrdə infarkt və beyin qan dövranının pozulmasından ölüm hallarının artdığını təsdiqləyib. F.Quliyevin sözlərinə görə, Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir: “Əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Bu xəstəliklərin sayında artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.

Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük. Əhali arasında iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir. Virus artdığı üçün bu xəstəliklər də artır”.

Ürək-damar xəstəliklərinin əlamətlərini sadalayan baş kardioloq bildirib ki, indi infarkt əsasən ağrısız formada qeydə alınır: “Əvvəl infarkt döş qəfəsində bərk ağrılarla müşahidə olunurdu. İndi isə bu kəskin simptomlar azalıb. Daha çox təngnəfəslik və ağrısız forması qeydə alınır.

Bu da II tip şəkərli diabet xəstəliyi ilə bağlıdır. Yüksək arterial təzyiqi, şəkəri, ürək ritmi ilə bağlı problemi olan xəstələr həmişə həkim müayinəsindən keçməlidirlər. Ağrının olmasını gözləməməlidirlər”.

F. Quliyev xəstəliyin risk ehtimalını azaltmaq üçün məsləhətlərini də bölüşüb: “İnsanlar qidalanmalarına diqqət yetirməlidirlər. İndi meyvə-tərəvəz qəbulu da azalıb. Bu da vəsaitin çatışmazlığı bağlıdır. Şəkər xəstələri üçün xüsusi qidalar var ki, qiyməti üç dəfə bahadır. Əhali bunu necə alsın? Məcburən pəhrizi pozurlar.

Stressi azaltmaq məsləhətdir. İnsanlar deyir ki, az işləyim, çox qazanım. Bu da onları stressə salır və depressiya yaranır. Psixiatra müraciət etsinlər, məsləhət alsınlar. Bizə ürək-damar problemi ilə bağlı müraciət edənlərin ¾-də nevroloji dəyişikliklər müşahidə olunur. Depressiya, nevrozla müraciət edirlər. Əhali düşünür ki, nevrozdur, keçib gedəcək. Ancaq statistikaya nəzər yetirsək, nevrozlu xəstələrdə ürək-damar xəstəlikləri riski 4,6 dəfə çoxdur. İnsanlar səhhətlərinə laqeyd yanaşmasınlar”.

Əhali arasında beyin damarlarının tutulması, qanaması - insult halları da çoxalıb. Ölümə səbəb olan xəstəliklər arasında üçüncü sırada insultlar dayanır.

Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova bildirib ki, son bir neçə ay ərzində insult hallarının artması fəsillə əlaqədardır və iqlim şəraitinin kəskin dəyişməsi xüsusilə, arterial hipertenziyası olan, ürək-damar problemli xəstələrə mənfi təsir edir. İnsanların səhhətinə laqeyd yanaşması nəticəsində isə insult kimi xoşagəlməz hallar baş verir.

İnsultun hemorraqik və işemik olaraq iki növünün olduğunu deyən S.Hüseynovanın sözlərinə görə, işemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult isə beyin qanamasıdır: “İnsultun səbəbləri sırasında birinci yerdə arterial hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər növləri üçün potensial xəstələrdir.

İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzun müddətli istifadəsi, siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.

İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir. Ancaq uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf də bilər”.

İnsultun əlamətlərindən danışan həkim deyib ki, insult əsasən gecə, səhərə yaxın saatlarda yaranır: “Bu saatlarda arterial təzyiqin tənzimlənməsində pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya görünür, ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır. Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir.

Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa, beyin insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə edilmir. Lakin beyin qanaması zamanı kəskin, ildırım çaxmasına bənzər baş ağrı ilə başlayır və qısa müddət ərazində ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Bununla da yanaşı həm hərəki və fiziki pozuntular, yəni ifliclər əmələ gəlir.

İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyini vurğulayan S.Hüseynova deyib ki, insult riskini azaltmaq üçün müntəzəm idman lazımdır: “Piyada gəzmək lazımdır, daha çox meyvə tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR