Rauf Əliyev: “Mənimlə daha uzunmüddətli müqavilə bağlamaq istəyirlər”

Rauf Əliyev: “Mənimlə daha uzunmüddətli müqavilə bağlamaq istəyirlər”
# 12 yanvar 2018 14:10 (UTC +04:00)

“Keşlə”yə keçmək variantım var. Amma müqavilənin müddəti məsələsində fərqli fikirdəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Rauf Əliyev deyib.

Ötən ay “Kukesi”dən ayrıldıqdan sonra klubsuz qalan 29 yaşlı hücumçunun karyerasını harda davam etdirəcəyinə hələ də aydınlıq gəlməyib. FİFA-nın qaydalarına görə, Rauf mövsümün gedişində üçüncü kluba keçə bilməz.

Azərbaycanda yaya kimi yalnız sabiq klubu “Keşlə”nin formasını geyinmək hüququ olan Əliyev qarşı tərəflə 6 aylıq müqavilə bağlamağa razıdı. Paytaxt təmsilçisi isə Raufla 1 və ya il yarımlıq sözləşmə imzalamaq niyyətindədi.

Məsələ ilə bağlı danışan futbolçu anlaşmanın müddəti məsələsində ortaq məxrəcə gələ bilmədiklərini təsdiqləyib: “Əslində, “Keşlə” rəhbərliyi ilə görüşüm olmayıb. Bildiyim qədərilə, klubun prezidenti Zaur Axundov ölkə xaricindədi. Sadəcə, ara adamlarının vasitəsilə danışığımız olub. Mən 6 aylıq müqavilə istəyirəm. Yayda onun müddətini uzatmaq, “Keşlə”dəki karyeramı davam etdirmək də olar. Lakin qarşı tərəf indidən uzunmüddətli sözləşməyə qol çəkməyimi istəyir. Görək, necə olacaq? Qismətdə nə varsa, odu”.

Rauf “Keşlə”nin qış fasiləsində rəsmiləşdirdiyi transferlərlə də 6 aylıq müqavilə bağladığını ön plana çəkib: “Fikir vermisizsə, digərləri ilə yaya kimi nəzərdə tutulmuş sözləşmə imzalayırlar. Amma mənimlə daha uzunmüddətli müqavilə bağlamaq istəyirlər. Mən isə fərqli fikirdəyəm”.

Qeyd edək ki, karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi” klublarında da oynamış Rauf Əliyev 2015-2017-ci illər ərzində “Keşlə”nin (sabiq “İnter”) uğurları üçün çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR