Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur

Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur
# 14 fevral 2018 07:38 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hacıqabul rayonunda cari ildə magistral, kənd və qəsəbə yollarının yenidən qurulması və bərpası ilə bağlı 3 yol infrastrukturu layihəsinin reallaşdırılması nəzərdə tutulub.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108,7 km uzunluğa malikdir.

Sözügedən layihələrdən artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12,2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2,1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2,5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7,6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.

Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Aparılan işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.

Tikinti layihəsi uyğun olaraq hazırda yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılır.

Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kvadratmetrdən çox sahəsində aparılacaq. Bundan başqa, layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR