Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb

Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb
# 13 mart 2018 12:50 (UTC +04:00)

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutan görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

İran prezidenti ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulayaraq siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib. Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən H. Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə, Azərbaycana nəzərdə tutulan səfərinə dair fikirlərini bölüşüb.

Ş. Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son 4 ildə dövlət başçılarının yüksək səviyyəli 10 görüşünün keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan İranla əlaqələrə xüsusi əhəmiyyət verir və İranın uğurları Azərbaycanı sevindirir: "Azərbaycan-İran əməkdaşlıq bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf edir. Hazırda ölkələrimiz sənaye, ticarət, energetika, nəqliyyat-tranzit və digər sahələrdə uğurla əməkdaşlıq edir, ticarət dövriyyəsi artır, işgüzar dairələr səmərəli əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, Azərbaycan və İranın tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir".

Ş.Mustafayev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və ərazi bütövlüyümüzü dəstəklədiyinə görə İran tərəfinə bir daha təşəkkür edib.

Ş.Mustafayev bu gün həm də İranın sənaye, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR