Avropa İttifaqından Britaniyaya sərt yumruq: “Brexit istəyirdiniz? Buyurun!” - TƏHLİL

Avropa İttifaqından Britaniyaya sərt yumruq: “Brexit istəyirdiniz? Buyurun!” - <span style="color: red;">TƏHLİL
# 14 mart 2018 10:24 (UTC +04:00)

Bir neçə gün əvvəl Avropa Komissiyası Avropa İttifaqı ilə Böyük Britaniya arasında saziş layihəsini təqdim edib. Britaniyanın reaksiyası özünü çox gözlətməyib və bu reaksiya sərt olub. Amma bu sərt mövqeyi saxlaması üçün Britaniyanın hər hansı arqumentləri varmı?

Layihə: gözlənilən "yumruq"

Saziş layihəsi son dərəcədə geniş və hərtərəfli bir sənəddir və əbəs yerə 120 səhifədən ibarət deyil. "Layihə" sözü heç kimi çaşdırmamalıdır, bu sənəd Böyük Britaniyanın Aİ-dən çıxması və əsasən də bu çıxışdan sonrakı qarşılıqlı münasibətləri tənzimləyəcək. Buna görə də sənəddə bütün sahələr əhatə olunub. Bunlar ümumi müddəalar, insanların, o cümlədən Britaniya və Aİ ölkələri vətəndaşlarının hüquqları, onların yaşamaq, işləmək, köçmək kimi məsələlərini əhatə edən müddəaları, maliyyə bazarlarının tənzimlənməsi, malların qarşılıqlı bazarlara daxil edilməsi və buraxılması, digər institusional məsələlər, keçid dövründə nəzərdə tutulacaq rejimlər və nəhayət "İrlandiya/Şimali İrlandiya" məsələsidir.

Sənədi qısa şəkildə belə səciyyələndirmək olar: ÇOX SƏRT MÖVQE. Avropa Komissiyasının sənədi bütün istiqamətlərdə "tam, şərtsiz və dönməz tərk etmə" prinsipinə əsaslanır. Sənədə əlavə olunan şərhdə və ümumi müddəalarda deyilir ki, saziş layihəsində Aİ ilə Böyük Britaniya arasında “Brexit”in keçirilməsi və gələcək məsələlərlə bağlı aparılmış danışıqların ilk raundun yekunları öz əksini tapıb. “Brexit”lə bağlı referendumdan sonra danışıqların bir neçə mərhələsi keçirilib, amma heç biri nəticə verməyib. Danışıqlarda tərəflərin hansı məsələlərdə ortaq məxrəcə gəldikləri məlum deyil, amma saziş layihəsi faktiki olaraq Avropa Komissiyasının əvvəlki sərt mövqeyini əks etdirir.

Böyük Britaniyanın reaksiyası

Bütün digər məsələlərlə yanaşı sərt mövqe İrlandiya ilə bağlıdır. Britaniya Avropa İttifaqına daxil olan İrlandiya ilə Böyük Britaniyaya daxil olan Şimali İrlandiya arasında sərhəd məsələsində güzəştli rejimin tətbiq edilməsini istəyir, Aİ isə bu sahədə heç bir güzəştə gedilməyəcəyini, adi sərhəd qaydalarının tətbiq ediləcəyini bəyan edir. Bundan əlavə İrlandiya dənizi ərazisində gömrük və sərhəd rejiminin tətbiqi də nəzərdə tutulur. Bu rejim İrlandiya ilə Böyük Britaniya arasında dəniz sərhədi kimi nəzərdə keçirilir. Bu məqam Böyük Britaniyanın sənədi kəskin tənqid etməsinə səbəb olub. Ölkənin baş naziri Tereza Mey dərhal bəyan edib ki, Avropa Komissiyasının saziş layihəsi Böyük Britaniyanın bütövlüyünə təhlükə yaradır.

"Hüquq sənədinin reallaşması təqdirdə İrlandiya dənizində gömrük sərhədinin yaradılması ilə Böyük Britaniyanın vahid bazarına zərər vuracaq və Birləşmiş Krallığın bütövlüyünə təhlükə yaradacaq. Britaniyanın heç bir baş naziri bununla razılaşa bilməz.

Təbii ki, Tereza Mey bu barədə referendum keçirilməzdən əvvəl fikirləşməli idi. Faktiki olaraq belə mənzərə yaranıb ki, Böyük Britaniya Aİ tərəfindən bu dərəcədə sərtliyi gözləmirmiş. Böyük Britaniyanın maliyyə naziri Filipp Hemmond bəyan edib ki, Aİ maliyyə bazarları ilə bağlı, o cümlədən Britaniyanın maliyyə qurumlarının Aİ-nin ərazisinə və onun maliyyə bazarlarına daxil olması məsələsində sərt mövqeyindən çəkinməlidir. Sual yaranır ki, niyə? Aİ-nin bu sahədə mövqeyi birmənalıdır: Britaniya maliyyə qurumları kontinental Avropa bazarına daxil olub maliyyə xidmətlərini göstərmək üçün müvafiq lisenziya, qeydiyyat və hətta fiziki şəkildə qeydiyyatdan keçmə tələblərini icra etməlidir. Heç bir keçid dövrü nəzərdə tutulmur, əgər bəzi sahələrdə nəzərdə tutulursa da, o qısamüddətli olacaq və liberal olmayacaq.

Bunu istəyirdiniz?

Bütün bunlar Böyük Britaniyada Brexitin əleyhinə olanların mövqelərini yalnız gücləndirir. Brexitin opponentləri açıq bəyan edirlər ki, indiki yaranmış vəziyyət, Brexitdən sonrakı dövrü üzrə qeyri-müəyyənlik, Aİ tərəfindən güzəştlərə getməməsi nəticəsində aşkar problemlərin üzə çıxması kimi məqamlar - seçicilərin Avropa İttifaqından çıxamqla bağlı gözləntiləri ilə tərs mütənasibdir. Yenə də sual yaranır: bəs nə gözləyirdiniz? Miqrasiya böhranı dalğasında, Yaxın Şərq və Şimali Afrikadan qaçqınların ölkəsinə gəlməsindən qorxan seçicilərin mövqeyindən istifadə etməklə həmin referendumu keçirən hakimiyyət və ona yaxın siyasi qüvvələr indi yaranmış vəziyyətdən çıxış yollarını axtarır. Bəzi mənbələrə əsasən, hətta hakimiyyətə yaxın qanunvericilər Brexitin müddətini uzadılması üçün imkan axtarışındadır və həmin istiqamətində qanun "boşluqları" və imkanları tapmaq istəyirlər. Hətta Tereza Mey Mühafizəkarlar Partiyasının deputatlarından biri adını gizli saxlamaq şərtilə bəyan edib ki, baş nazir Britaniyanın 2019-cu ilin martında Aİ-dən çıxması məqsədindən intina etdiyini deyib (mənbə: Bloomberg). Qeyd edək ki, həmin müddət Avropa İttifaqı üzrə Sazişin 50-ci maddəsinə əsasən müəyyən edilib və hazırda Britaniyanın bəzi siyasi qüvvələri, və bəlkə də hətta hakimiyyət nümayəndələri, bu müddətin ən azı daha iki il uzadılmasını istəyirlər.

"Open Britain" adlı anti-Brexit təşviqat qrupun rəhbəri Ceyms MakGrori bəyan edib ki, "o vaxta qədər ki, biz bilmirik, hansı istiqamətə gedirik, biz Avropa İttifaqını tərk etməməliyik və buna görə də biz 50-ci maddənin müddətinin uzadılması yollarını axtarmalıyıq. O zaman parlament və ictimaiyyət gözlənilən tərk etmə sazişi barədə və şərtləri haqqında daha çox məlumat ala biləcəklər və anlayacaqlar ki, mövcud vəziyyət onlara vəd edilmiş məqamlarla üst-üstə düşür, ya yox.

Amma əminliklə demək olar ki, müddət daha iki il uzadılsa belə, Avropa İttifaqı yenə də güzəştlərə getməyəcək. Britaniya 2019-cu ildə olmasa da, 2021-ci ildə həmin problemləri və saziş layihəsini şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Lakin burada "kölgə zonada" digər bir məqamı axtarmağa dəyər. Belə ki, Britaniyalı siyasətçilər, o cümlədən parlamentarilər və partiya nümayəndələri müddətin uzadılmasında başqa bir məqsəd də güdməmiş deyillər. Həmin müddət ərzində Britaniyada Brexit üzrə yeni referendum keçirilə bilər və seçicilər yaranmış vəziyyəti, gözlənilən çətinlik və problemləri, İrlandiya məsələsini, maliyyə bazarları məsələsini, işləmək üçün icazə, sərbəst hərəkət etmək, yaşamaq kimi məsələləri qiymətləndirərək seçim edə biləcəklər.

Hətta əgər Britaniya hakimiyyəti və parlamentinin gizli məqsədi budursa, bu məqsədə nail olmaq çətindir. Belə ki, ilk növbədə 50-ci maddəyə əsasən müəyyən edilmiş müddətin uzadılması üçün tək Avropa Komissiyasının razılığı kifayət etməyəcək, bunun üçün Aİ-nin bütün 27 üzvü tərəfindən yekdil razılıq olmalıdır.. Bunu əldə etmək üçün isə Böyük Britaniya bütün diplomatik gücünü ortaya qoymalıdır. Amma son zamanlar Aİ ilə Britaniyanın münasibətləri heç də yaxşı deyil, o səbəbdən bu məsələdə uğur əldə etmək böyük sual altındadır. Bundan başqa həmin danışıqlara başlamaq üçün Britaniya faktiki olaraq öz haqsızlığını etiraf etməlidir və hətta özünü minnət edən tərəfinə salmalıdır. İndiki hakimiyyət buna gedəcəkmi? Çətin. Dünya tarixində minlərlə misallar mövcuddur ki, siyasətdə prinsiplərə sadiqlik inadkarlığa "həmsərhəd" olub və nəticədə bu inadkarlıqdan millətlər, ölkələr əziyyət çəkiblər. Brexitin Böyük Britaniyadakı opponentləri isə dəfələrlə bəyan ediblər və bəyan etməkdən yorulmurlar ki, bu qərar tarixi əhəmiyyətlidir və əgər bu dərəcə və səviyyədə problemlər üzə çıxıbsa, vaxtı uzadıb, əhalidən yenidən fikir soruşmaq lazımdır. Vaxt isə çox azdır, düz bir ildən sonra Avropa İttifaqı sərt mövqeyi nümayiş etdirərək Böyük Britaniyanı sıralarından rəsmi olaraq xaric edəcək.

Vahab Rzayev, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR