Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 14 mart 2018 10:30 (UTC +04:00)

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

APA-nın xəbərinə görə, çıxışlardan əvvəl soyqırımla bağlı film nümayiş etdirilib.

Ombudsman Elmira Süleymanova 1918-ci il martın 31-də Bakıda və bölgələrdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə ətraflı məlumat verib. O bildirib ki, ermənilərin Azərbaycana təcavüzü bu gün də davam edir: "Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri icra olunmur".

E. Süleymanova ermənilərin məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımların dünyada tanıdılmasının vacib olduğunu deyib.

Milli Məclisin deputatı Elman Nəsirov "Azərbaycanlılara qarşı ermənilərin tarixən yürütdüyü soyqırım siyasəti" mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili qeyd edib ki, tarixi Azərbaycan torpaqlarının ərazisi 1828-ci ilə kimi 410 min kvadrat kilometr olub: "Türkmənçay müqaviləsindən sonra 280 min kvadrat kilometr İrana, 130 min kvadrat kilometr ərazi isə çar Rusiyasının tərkibinə qatıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bizim ərazimiz 114 min kvadrat kilometr təşkil edirdi. Bunun da 9 min kvadrat kilometri Ermənistana, 7 min kvadrat kilometri isə Rusiyaya verildi. Müstəqil Azərbaycanın ərazisi 86,6 min kvadrat kilometrdir ki, onun da 17 min kvadrat kilometri Ermənistan tərəfindən işğal edilib. Gələcəkdə başımıza belə dəhşətlərin gəlməməsi üçün bu hadisələrdən ibrət dərsi götürməliyik. Bu məsələlərdə etdiyimiz səhvləri də etiraf etməliyik. Biz düşmənimizin kim olduğunu, bizə zərbənin haradan gəldiyini də çox yaxşı bilirik".

E. Nəsirov 1918-ci ildə təkcə Bakıda ermənilərin 30 min azərbaycanlını qətlə yetirdiyini diqqətə çatdırıb.

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ermənilərin azərbaycanlılara qarşı soyqırımının sistemli xarakter daşıdığını, insanları əzabla öldürməyin metodlarını ermənilərin çox yaxşı bacardığını vurğulayıb.

Tədbir çıxışlarla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR