Klub prezidenti: “O, öz ağlına yiyəlik edə bilməyən yeganə futbolçumuzdur”

Klub prezidenti: “O, öz ağlına yiyəlik edə bilməyən yeganə futbolçumuzdur”
# 14 mart 2018 11:25 (UTC +04:00)

“Qərar müzakirə olunmur. Əgər AFFA İntizam Komitəsi (İK) belə qərar qəbul edibsə, deməli, hansısa qayda pozuntusu, çatışmazlıq olub. Mən komitənin qərarına hörmətlə yanaşıram”.

Bu sözləri apasport.az saytına açıqlamasında Region Liqada çıxış edən “Gənclik” klubunun prezidenti Nadir Quliyev deyib.

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında “Gənclik” – “Füzuli” matçı ilə bağlı sərt qərarlar verilib. Belə ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdı. Görüş tam başa çatmadığından, “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmin dəqiqədə aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alan “Gənclik”in hücumçusu Amid Zeynalov 10, hakimi təhqir edən Elman İsgəndərov və Fərid Ağabəyli isə 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Hadisə ilə bağlı danışan klub rəhbəri əsas günahı matçın baş hakimində görüb: “Füzuli” ilə oyunun prinsipial keçəcəyini görürdüm. Təsəvvür edin, yan xətt hakimi FİFA dərəcəli, baş hakim isə I dərəcəli idi. Uyğunsuzluğa diqqət edin. Həmin gün “Neftçala” – “Kürdəmir” qarşılaşmasını isə Premyer Liqanın referisi idarə edirdi. Yəni hakimin səriştəsizliyi, təcrübəsizliyi vəziyyəti bu yerə gətirib çıxardı. Hesab 1:1-di və oyun başa çatır. Hakim isə 3 dəqiqə əlavə edir. Sona 5 dəqiqə qalmış bir oyunçu zədələnmişdi, hakim həkim çağırır, meydana təcili yardım maşını salır. Belə şey olar? Həmin oyunçunu da kənara çıxartdırdım. Əlavə dəqiqələrdə də meydanda vəziyyət kritikləşdi”.

Quliyev diskvalifikasiya olunan futbolçulara klubun cəza verməyəcəyini də sözlərinə əlavə edib: “Onlar cəzalarını artıq alıblar. Klubun da daxili nizam-intizam qaydaları var. Bu gün axşam saatlarında bütün komanda ilə toplantımız olacaq. Hamını bu qərarla yaxından tanış edəcəyik və çalışacağıq ki, bundan sonra belə hallar yaşanmasın. Artıq 3 oyunçumuz cəzasını alıb. Onlara başqa nə cəza verək? Axşamkı iclasda bu məsələ geniş müzakirə olunacaq. Təbii ki, heç bir futbolçu belə halın yaşanmasını istəməz. Bu, 3 nəfərə yox, bütün komandaya verilən cəzadı. 2 hücumçu və 1 qapıçımız qarşıdakı oyunlarda komandaya kömək etməyəcək. Bundan böyük cəza ola bilməz”.

Quliyev 10 oyunluq cəzaya məruz qalan Amid Zeynalovun aqressiv futbolçu olduğunu vurğulayıb: “Biz vaxtilə birinci divizionda da, həvəskarların çempionatında da iştirak etmişik. Amid köhnə futbolçulardandı. Ümumiyyətlə, Amid ağzını saxlaya, hisslərini cilovlaya bilmir. Ona həmişə deyirəm ki, gərək ağzını “skoçlayaq”, danışmayasan. Bu insan aqressivdi də. Dəfələrlə xəbərdarlıq edilir. Hər dəfə də söz verir ki, danışmayacam, sakit olacam. Amma özünü ələ ala bilmir. Öz ağlına yiyəlik edə bilməyən yeganə futbolçumuz Amid Zeynalovdu. Amma o, həm də ən yaxşı oyunçularımızdan biridi. “Füzuli” ilə oyunda da qolu Amid vurmuşdu. Ümumiyyətlə, əksər qollarımızın müəllifi odu”.

Eyni zamanda Mərkəz Regional Futbol Federasiyasının prezidenti vəzifəsini icra edən Nadir Quliyev lazımi tədbirləri alacaqlarını söyləyib: “Təhlükəsizlik baxımından müəyyən tədbirlər həyata keçirilib. Şənbə günü Kürdəmir komandası ilə Sabirabadda oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, həmin görüşdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR