İcraçı direktor: "Bankların maliyyə vasitəçiliyi funksiyasının qismən bərpası müşahidə olunur"

İcraçı direktor: "Bankların maliyyə vasitəçiliyi funksiyasının qismən bərpası müşahidə olunur"
# 14 mart 2018 13:44 (UTC +04:00)

"Caspian European Club" bu gün Bakıda on ikinci "CEO Lunch Baku" təşkil edib.

"Caspian European Club"dan "APA-Economics"ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov fəxri qonaq qismində "CEO Lunch"da iştirak edib.

İ. Alışov çıxışı zamanı ölkədə istər iqtisadiyyat, istərsə də bank sektorunda həyata keçirilən islahatların müsbət nəticəsini qeyd edib. Onun sözlərinə görə, son aylarda bankların maliyyə vasitəçiliyi funksiyasının qismən bərpası müşahidə olunur. “Bundan əlavə, ilk özəl kredit bürosunun və kredit zəmanət mexanizminin yaradılması və fəaliyyətə başlaması, həmçinin daşınan əmlak reyestrinin yaradılması ilə bağlı işlərin yekunlaşması biznesin maliyyə xidmətlərinə daxil olma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”, - deyə İbrahim Alışov deyib.

O əlavə edib ki, əhalinin əmanətlərinin artımı müsbət hal olmaqla yanaşı, həm də öz növbəsində bank sektoruna etibarın göstəricisidir. “Belə ki, əhalinin əmanətlərinin göstəricisi 2017-ci il ərzində 1,5 faiz (110 milyon manat) artaraq, 7,5 milyard manatı keçib. Son il ərzində milli valyutanın sabit kursu əmanətlərin dedollarlaşma prosesinin sürətlənməsinə səbəb olub. 2017-ci ilin əvvəlləri ilə müqayisədə əmanətlərin dollarlaşma göstəricisi 80 faizdən 66 faizə enib”, - deyə İ.Alışov çıxışına yekun vurub.

"CEO Lunch Baku"da çıxış edən "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev iştirakına, həmçinin tədbirdə "Caspian European Club" üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə İ. Alışova minnətdarlığını bildirib. Onun sözlərinə görə, "CEO Lunch Baku" çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab alıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.

T. Əliyev "CEO Lunch"ın bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyi ilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Froum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın "Caspian Energy Georgia" şirkətidir.

T. Əliyev sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club"un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy İnternational Media Group"un fəal iştirakı ilə yaradıldığını xatırladıb. Onun sözlərinə görə, 2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da isə "Caspian Asian Club" yaradılıb. Onların hər ikisi iki il ərzində "Caspian European Club"un İdarə Heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən "Caspian European Club"un sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir.

Bundan əlavə, "Caspian European Club"un hər bir üzvü rəhbərlik etdiyi komitənin hazırkı fəaliyyəti və gələcək planları barədə danışıb.

Tədbirdə çıxış edən ATİB-in sədri Camal Yanğın və AHK-in rəhbəri Tobias Bauman dəvətə görə "Caspian European Club"a təşəkkür edib, həmçinin fəaliyyətləri haqda məlumat veriblər.

Tədbirdə 150-yə yaxın şirkət və təşkilat iştirak edib.

"Caspian European Club"a daxil olan və buradakı iştiraklarını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialoqun yaradılması üçün aparıcı vasitə olan CEO Lunch həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

CEO Lunch Baku-da sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunur, ölkənin müxtəlif regionlarında biznesin aparılmasına dair onları maraqlandıran məsələlərə toxunulur, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR