Azərbaycan Antalyada səhiyyə, idman və alternativ turizm sərgisində təmsil olunur

Azərbaycan Antalyada səhiyyə, idman və alternativ turizm sərgisində təmsil olunur
# 06 aprel 2018 14:39 (UTC +04:00)

Azərbaycan Antalyada keçirilən beynəlxalq “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgisində təmsil olunur.

APA-nın məlumatına görə, sərgidə ölkəmizi Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının (THTC) Bakıdakı şəbəkə ofisi - “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı tibb ocaqları – Mərkəzi Gömrük Hospitalı, Diaqnostika Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və digər müəssisələrin həkimləri, turizm agentliklərinin nümayəndələri, o cümlədən, jurnalistlər təmsil edir.

“Antalya Expo Centerdə” açılışı keçirilən sərgidə çıxış edən Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının rəhbəri Emin Çakmaq beynəlxalq tədbirin əhəmiyyətinə toxunub. O, bildirib ki, sərginin məqsədi Türkiyə Cümhuriyyətinin sağlamlıq turizmi baxımından inkişafını göstərmək, mövcud olan tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsini, ən müasir tibbi avadanlıqları və alternativ müalicə metodlarını araşdırmaq və mütəxəssislərin qarşılıqlı fikir mübadiləsini təmin etməkdir. Onun sözlərinə görə, Türkiyə prezidentinin təşəbbüsü və himayəsi altında keçirilən beynəlxalq sərgidə 165 ölkədən nümayəndələr iştirak edir.

Təntənəli açılış mərasimində Antalya valisi Münir Karaloğlu, Antalyanın bələdiyyə rəhbəri Menderes Türel, millət vəkilləri Gökcen Özdoğan Enç və başqaları da çıxış edərək sərgini əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, sərgi 2018-ci ildə bu bölgə turizm sahəsində öz hədəflərini reallaşdıracaq. 2019-cu ildə Türkiyəyə 40 milyon, Antalyaya isə 12 milyon turistin gəlməsi gözlənilir.

Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının (THTC) Bakıdakı şəbəkə ofisinin direktoru, “Gilan Turizm”in təmsilçisi Fərid Məcidov jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi dünyanın 80-dən çox ölkəsindən, o cümlədən, Azərbaycandan Türkiyə tibb ocaqlarına sağlamlıq turizmi üçün insanları cəlb etməkdir: “Bu sərgi ikinci dəfədir təşkil olunur. Ötən il də biz Azərbaycanın aparıcı tibb müəssisələrinin nümayəndələrinin sərgidə iştirakını təmin etdik ki, klinika təmsilçiləri, otellər nümayəndələri, alternativ turizm kompleksinə aid olan şəxslər təkbətək görüşlər keçirsin, gələcək əməkdaşlıqlarının təməlini burda qoysunlar. Ötən ilki görüşlərin nəticəsi artıq mövcuddur. Azərbaycanda da tibbin bütün sahələri inkişaf etməkdədir. Buna baxmayaraq, qarşılıqlı əməkdaşlığa, təcrübə mübadiləsinə hər zaman ehtiyac var. Bundan sonra da Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi “Gilan Turizm” şirkəti olaraq “Hestourex” sərgisinin iki qardaş ölkəyə - Türkiyə və Azərbaycana faydalı olması üçün öz töhfəmizi verməyə çalışacağıq”.

Qeyd edək ki, sağlamlıq turizmi sahəsində analoqu olmayan tədbirdə eyni zamanda sığortaçıların, turizm məhsulları üzrə mütəxəssislərin, hotel təmsilçilərinin iştirakı ilə panellər təşkil olunub, seminarlar, master klasslar, azərbaycanlı tibb nümayəndələrinin iştirakı ilə B2B formatında səmərəli görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR