Gürcü qubernator: “Etnik azlıqların nümayəndələri gürcü dilinin öyrənilməsinə maraq göstərirlər”

Gürcü qubernator:  “Etnik azlıqların nümayəndələri gürcü dilinin öyrənilməsinə maraq göstərirlər”
# 16 aprel 2018 17:45 (UTC +04:00)

“Etnik azlıqların nümayəndələri gürcü dilinin tam öyrənilməsinə maraq göstərirlər”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze Əzizkənd kəndində Ana dili gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Qubernator təşkilatçıları və məktəbliləri Ana dili günü münasibətilə təbrik edərək etnik azlıqların gürcü dilini bilməsinin vacibliyini vurğulayıb: “Regionda yaşayan milli azlıqları təmsil edənlərin dövlət dili ilə bağlı tədbirlərdə fəal iştirakı sevindirici haldır. Bu sahədə müəllimlər böyük töhfə verirlər. Müəllimlər gələcək nəsillərə gürcü dilini daha yaxşı tədris etməyə və onların cəmiyyətə inteqrasiyasına kömək etməyə çalışırlar”.

Tədbirdə məktəblilər gürcü dilində müxtəlif ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Mərasimdə Marneuli rayonunun icra başçısı Temur Abazov, rayonun bələdiyyə məclisinin sədri Amiran Giorqadze və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Gürcüstanda Ana dili günü aprelin 14-də qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR