Avropa Standartlaşdırma Komitəsi ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasında saziş imzalanıb

Avropa Standartlaşdırma Komitəsi ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasında saziş imzalanıb
# 17 aprel 2018 10:54 (UTC +04:00)

Avropa Standartlaşdırma Komitəsi (CEN) ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) arasında “tərəfdaş standartlaşdırma orqanı” statusuna dair saziş imzalanıb.

Standartlaşdırma, Metrologiya Və Patent Üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Avropa Standartlaşdırma Komitəsinə tərəfdaş üzv olmaqla Azərbaycan Standartlaşdırma İnstitutu Avropa standartlarına maneəsiz çıxış əldə etmək, milli standartların Avropa standartları ilə uyğunlaşdırılması, qəbul edilmiş Avropa standartlarının yayımı, eləcə də Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasının iclaslarında, texniki komitələrində müşahidəçi statusunda iştirak, eyni zamanda, standartların hazırlanması prosesində rəy və təkliflər vermək, təşkilat tərəfindən hazırlanmış standartlar toplularından açıq istifadə etmək imkanları qazanır.

Məlumatda bildirilib ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən təsis olunub. Fərmana əsasən İnstituta milli standartlaşdırma qurumu kimi beynəlxalq təşkilatlarda üzvlük və beynəlxalq müqavilələr bağlamaq hüququ verilib. Qurumun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir. İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.

Qeyd edək ki, qeyri-neft ixracı potensialının gücləndirilməsi məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması istiqamətində dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu sahədə fəaliyyət göstərən qurumların aidiyyəti beynəlxalq təşkilatlarda təmsilçiliyi təmin olunmaqdadır. Məqsəd yerli sahibkarların xarici bazarlara çıxışını asanlaşdırmaq, ticarətdə texniki maneələri aradan qaldırmaq və ölkəmizdə verilən sertifikatların, sınaq və kalibrləmə sənədlərinin beynəlxalq tanınmasına nail olmaqdır.

Azərbaycan Standartlaşdırma İnstitutunun CEN-də “tərəfdaş standartlaşdırma orqanı” qismində təmsilçiliyindən öncə, İnstitut 2017-ci ilin dekabr ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) tamhüquqlu üzvü müəyyən edilib.

Bundan başqa, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi ötən ilin noyabr ayından Avropa Akkreditasiya Təşkilatının (EA) və cari ilin mart ayından Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatın (ILAC) assosiativ üzvüdür. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsi icra olunmaqdadır.

Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınması istiqamətində də bir sıra işlər görülüb. 31 yanvar 2018-ci ildə Braunşveyq şəhərində, Almaniya Metrologiya İnstitutunda (PTB) KOOMET-in iclasında “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə keyfiyyəti idarəetmə sisteminin “Tanınma Şəhadətnaməsi” təqdim edilib. İnstitut 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Baş Konfransda assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzv kimi Azərbaycanı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR