“Milli irs mükafatı”nın təqdimat mərasimi keçirilib

“Milli irs mükafatı”nın təqdimat mərasimi keçirilib
# 18 aprel 2018 15:41 (UTC +04:00)

Azərbaycan Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin böyük təzahürüdür: “18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, paytaxtda və bölgələrdə müxtəlif tədbirlər təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə 18 aprel tarixində “açıq qapı” günü elan olunur. Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Təkcə onu qeyd etmək yerinə düşər ki, bu ilin martın 25-də prezident İlham Əliyev əsaslı şəkildə bərpa olunan “Allah-Allah” türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub. Martın 26-da isə Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”ın təmir-bərpadan sonra açılışı reallaşıb. Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir”.

Ə. Qarayev əlavə edib ki, son illərdə xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimov Azərbaycan tarixi abidələrin qorunması sahəsində atılan addımlardan danışıblar.

Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” bu sahə üzrə fərqlənmiş şəxslərə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR