Gənc Tamaşaçılar Teatrı üç beynəlxalq layihədə iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı üç beynəlxalq layihədə iştirak edəcək
# 26 aprel 2018 14:46 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı mayda üç beynəlxalq layihədə iştirak edəcək.

Teatrdan APA-ya verilən məlumata görə, kollektiv mayın 1-dən 6-dək Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dram Teatrı ilə bağlanmış “Qarşılıqlı qastrol səfərlərinə dair” müqaviləyə əsasən sözügedən teatrın səhnəsində görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşasını nümayiş etdirəcək.

Səfərdə teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 14 nəfərlik yaradıcı heyət iştirak edəcək. Qastrol çərçivəsində Şimali Osetiya-Alaniya Respublikasının mədəniyyət naziri, teatr rəhbərləri və Azərbaycan diasporunun fəalları ilə M.Həmidovun bir sıra görüşləri də planlaşdırılıb.

Kollektivi may ayının 2-dən 5-ə dək Türkiyə Cümhuriyyəti Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər teatrlarının dəvəti ilə sözügedən şəhərdə R.Ağayevin “Sonluğun sonu” (ifaçı Güşvər Şərifova) mono tamaşası ilə ölkəmizi qardaş ölkənin Beynəlxalq Teatr Festivalında təmsil edəcək.

May ayının 10-dan 16-dək isə teatrın kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə “XX Beynəlxalq Monodram” Festivalında iştirak etmək üçün P.Züskindin “Kontrabas” tamaşası (ifaçı əməkdar artisti Şövqü Hüseynov) ilə yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR