Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir

Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir
# 27 aprel 2018 23:18 (UTC +04:00)

Gəncədə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə , Mədəniyyət nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında festival çərçivəsində ilk konsert keçirilib. Festivalın bədii rəhbəri, SSR xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək “Zəriflik” festivalının Gəncədə keçirilməsinin şəhərin içtimai həyatında böyük mədəni tədbir olduğunu deyib. Musiqini çox sevən Zərifə Əliyevanın xatirəsinə həsr olunan festivalın Gəncədə hər il keçiriləcəyini bildirib.

Daha sonra konsert olub. Konsertdə Murad Adıgözəlov (piano), Fəridə Rüstəmova (violin), İlahə Sadıqzadə (piano), Fəridə Məmmədova (soprano), Şükür Səmədov (klarnet), Fərhad Bədəlbəyli (piano), Olqa Naqornaya (soprano, Ukrayna), Dmitri Yablonski (çello, ABŞ), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Anastasiya Barun (soprano, Rusiya) çıxış ediblər.

Festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, drijorlar iştirak edəcəklər . Festival aprelin 30-a kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR